Erməni seperatçılar narahatdır!  

Ermənilərin həmlələrinin heç bir nəticəsi olmayacaq Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir
  Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan əleyhinə qaldırdığı növbəti vəsatəti ləğv edib. İrəvanın budəfəki narazılığı Azərbaycanın Laçin dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirilməsi ilə bağlı idi. Ermənistanın iddiasına baxan məhkəmə 22 fevral 2023-cü il tarixli qərarını bir daha təsdiqləyib. Yəni Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olmasına dair Ermənistanın vəsatəti məhkəmə tərəfindən rədd edilib. Azərbaycanın bütün addımları beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması da bu qəbildəndir. Təbii ki, Azərbaycanın bu dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Laçın yoluna tam nəzarət etmək haqqı var və beynəlxalq məhkəmənin qərarı da bunu təsdiqləyir. Bu qərarla həm də Azərbaycana qarşı qaldırılan beynəlxalq qərarları pozmasına dair iddiaların əsassız olduğu da müəyyənləşdi. Erməni təbliğatına baxmayaraq, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olundu. 
  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarı təsdiqləməsi göstərir ki, Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir. Analitikin sözlərinə görə, ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi yoxdur və olmayacaq: "Məlum məsələdir ki, beynəlxalq hüquqda ən ali prinsip  - ərazi bütovlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığıdır. Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini yerləşdirərək dövlətlər arasında gəliş-gedişin qanuni əsaslarda təmin edilməsinə nail olub.  Hazırda ermənilər sərbəst şəkildə yoldan istifadə edə bilirlər. Ermənistanı və separatçıları narahat edən əsl səbəb isə Azərbaycanın Laçında müvafiq post qurmasından sonra Ermənistandan Qarabağa terror məqsədli qanunsuz yüklərin, silahların, terrorçu qrupların girişinin qarşısının alınmasıdır".