Erməni xalqı daha işıqlı bir gələcəyə doğru irəliləyəcək - Hulusi Kılıç

"Həm Türkiyə, həm də Azərbaycan bundan sonra da Ermənistanla münasibətlərini inkişaf etdirəcək, gücləndirəcək" 

Ermənistanda keçirilən başnazir seçkiləri ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Paşinyanın qalib gəlməsi həm Ermənistanın daxili siyasi həyatına, həm də regionda davam edən normallaşma və əməkdaşlıq proseslərinə təsir göstərə biləcək amil kimi qiymətləndirilir. Xüsusilə Cənubi Qafqazda sabitliyin və qarşılıqlı münasibətlərin gələcək perspektivləri baxımından bu seçkilər yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Sabiq səfir, İMZA İB Türkiyə Nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a Ermənistan xalqının doğru qərar verdiyini söyləyib:

"Seçkiləri erməni xalqı qazandı. Bu gün günəş Ermənistandan doğdu. Erməni xalqı düzgün qərar verərək Baş nazir Paşinyanın vəzifəsini davam etdirməsinə qərar verdi. Bu, ağıllı bir qərar reallığı əks etdirir. Bu günə qədər istər kilsə, istərsə də diaspora erməni xalqını boş sözlərlə aldadaraq illərini əlindən almışdı. Diasporanın və kilsənin vədləri erməni xalqını yoxsullaşdırarkən, digər tərəfdən onu Ermənistandan köç etməyə məcbur etdi. Minlərlə erməni gənci iş tapmaq üçün Qərbə getdi. 1991-ci ildə müstəqilliyini qazanan Ermənistanın əhalisi həmin vaxt 3,5 milyon idi. Bu gün Ermənistanın əhalisinin 7 milyon olması lazım idi. Məhz həm diasporanın, həm də kilsənin etdiyi yanlışlıqlar üzündən erməni xalqı həm köçdü, həm də yoxsullaşdı".

Sabiq səfir bildirib ki, bundan sonra Ermənistanın Konstitusiyasında ediləcək dəyişikliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq:

"Eyni zamanda bununla Türkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq.

Artıq Cənubi Qafqazda bir-biri ilə yaxşı münasibətlər quran, qonşuluq əlaqələrini davam etdirən yeni reallıqla qarşı-qarşıya qalacağıq. Bundan, erməni xalqı qazanacaq. Erməni xalqı bölgədə daha rahat, daha sərbəst şəkildə hərəkət edəcək.

Xalqların düşmənçiliyi olmaz, siyasətçilərin yanlışları üzündən xalqlar bir-birindən uzaqlaşır. 

Həm Türkiyə, həm də Azərbaycan bundan sonra da Ermənistanla münasibətlərini inkişaf etdirəcək, gücləndirəcək". 

Analitik qonşuların konstitusiyasında digər qonşunu narahat edən maddələrin olmasının qətiyyən düzgün olmadığını vurğulayıb: 

"Bu, nə bu gün, nə də gələcək üçün qəbul edilməzdir. Ona görə də inanıram ki, ən qısa zamanda Ermənistanda referendum keçiriləcək, lazımi düzəlişlər ediləcək və bu maddə də aradan qaldırılacaq.

İllər boyu həm Azərbaycan xalqı, həm türk xalqı erməni xalqı ilə birlikdə yaşayıb, bundan sonra da yaşayacaq. Ona görə artıq diaspora, kilsə və xarici güclər bizim işlərimizə qarışmasınlar. Bundan sonra erməni xalqı daha işıqlı bir gələcəyə doğru irəliləyəcək. Xeyirli olsun".