Ermənistan da Gürcüstan kimi eyni tələyə düşmək üzrədir - Aydın Sezer

"Ermənistan kimi hər hansı bir ölkə Avropa İttifaqına üzvlük istiqamətində seçim edəcəksə, bu çox uzun proses olacaq"

Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı səsləndirilən açıqlamalar və Avropa Siyasi Birliyi çərçivəsində aparılan müzakirələr regionda yeni siyasi istiqamət axtarışları barədə fikirlər formalaşdırır.

Xüsusilə Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısından sonra bu mövzu daha çox diqqət mərkəzinə düşüb. Lakin məsələyə daha geniş siyasi və institusional kontekstdən yanaşdıqda görünür ki, Avropa Siyasi Birliyi ilə Avropa İttifaqı arasında ciddi fərqlər mövcuddur və bu platformalar eyni məqsədə xidmət etmir. 

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, burada iki fərqli məsələdən biri Avropa İttifaqı, digəri isə ötən həftə Ermənistanda 8-ci Zirvə toplantısı keçirilən Avropa Siyasi Birliyidir: 

"Avropa Siyasi Birliyi Rusiyanın Ukraynaya hücumu nəticəsində Makronun təklifi ilə yaradılmış zəif bir birlikdir. O, katibliyi olmayan, institusional quruluşu olmayan, sadəcə liderlərin müəyyən aralıqlarla bir araya gəldiyi və Avropanın bütövlüyünə, sərhədlərinə, Avropa İttifaqına və ya Avropa ilə yaxın münasibətlər qurmaq arzusu olan ölkələrin dəvət edildiyi siyasi klub xarakteri daşıyır. Avropa Siyasi Birliyi qısa müddət ərzində yaradıldı, artıq 8-ci Zirvə toplantısı keçirilir. Güman ki, növbəti ildə keçiriləcək zirvə Azərbaycanda baş tutacaq.

Avropa Siyasi Birliyi ilə Avropa İttifaqı arasında birbaşa əlaqə yoxdur. Yəni Avropa Siyasi Birliyi platforması Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin gözləmə otağı deyil. Ancaq Avropa Siyasi Birliyi zirvələrində, əlbəttə ki, Avropa İttifaqının rəsmiləri də iştirak edirlər.

Məsul komissar Marta Kos Ermənistanın Avropa İttifaqı ilə münasibətləri barədə bəyanatlar verə bilər. Buna görə də həmin zirvənin Avropa İttifaqına üzvlük yolunda hər hansı bir töhfəsi yoxdur. Sadəcə kulis fəaliyyəti kimi qiymətləndirilə bilər.

Analitik bildirib ki, Ermənistan kimi hər hansı bir ölkə Avropa İttifaqına üzvlük istiqamətində seçim edəcəksə, bu çox uzun proses olacaq: 

"Məsələn, biz artıq 60 ildir bu prosesin içindəyik. Gəldiyimiz vəziyyət ortadadır. Bu, bu gün başlayıb sabah nəticə verəcək məsələ deyil. Ona görə də Avropanın onları dəstəkləməsinin praktik mənası yoxdur. 

Putin də oxşar fikir səsləndirdi: “Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim edin”,- dedi. Amma bu da bu gündən sabaha baş verəcək siyasi addım deyil.

Bu, Türkiyə üçün də keçərlidir. Türkiyə həm BRICS-ə daxil olmağa, həm Türk Cümhuriyyətləri ilə fərqli müstəvidə münasibətlər inkişaf etdirməyə çalışır, həm də Avropa İttifaqına tam üzvlük qapısında gözlədilir. Bunlar siyasi mesajlardır. Çox da böyük əhəmiyyət və ya nəticə doğuran mesajlar deyil.

Burada son olaraq bir məsələni də qeyd etmək lazımdır: Ermənistan 2007-ci ildən etibarən Gürcüstan və Azərbaycanla birlikdə artıq Avropa qonşuluq siyasəti çərçivəsində olan ölkədir. Yəni Avropa İttifaqı hələ 2007-ci illərdən bu üç Cənubi Qafqaz ölkəsini qonşuluq siyasəti çərçivəsində qiymətləndirir. Ermənistanın Avropa İttifaqı ilə münasibətləri hansı səviyyədədirsə, hazırda Azərbaycanın və Gürcüstanın münasibətləri də eyni səviyyədədir. Buna görə də bu başqa bir çərçivədir".

Politoloq qeyd edib ki, qonşuluq siyasəti Avropa İttifaqının hazırladığı, əslində Avropa İttifaqına üzv ola bilməyəcək ölkələrlə Avropa arasında qonşuluq münasibətləri qurmağı hədəfləyən, maliyyə və iqtisadi baxımdan da dəstəklənən siyasətdir:

"Yəni müəyyən mənada qonşuluq siyasəti çərçivəsindəki ölkələri Avropa İttifaqının bir növ peykinə çevirməyi hədəfləyir. Bu, şüurlu şəkildə aparılır. Gürcüstan bunu illər əvvəl “Avropa İttifaqına üzv oluruq” kimi şərh etmişdi. İndi Ermənistan da eyni tələyə düşmək üzrədir. Azərbaycandan isə bu mövzuda indiyə qədər dəqiq bir açıqlama gəldiyini eşitmədim.

Azərbaycan, Ermənistan və Gürcüstan- bu üç ölkə artıq Avropa İttifaqı ilə qonşuluq siyasəti proqramı çərçivəsində müəyyən mənada tərəfdaşlıq münasibətləri qururlar.

Amma bunun tam üzvlük kimi bir nəticəyə gətirib çıxarması söhbət mövzusu deyil. Avropa İttifaqının genişlənməsindən məsul komissarın etdiyi açıqlama sadəcə Rusiyanı bir qədər qıcıqlandırmaq üçün verilmiş siyasi açıqlamadır. Bunun praktik nəticəsi yoxdur və olmayacaq".