“Lakin seçkilərdən sonra Baş nazir postuna kimin seçilməsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətləri yenidən əvvəlki məcrasına qayıdacaq"
Rusiya ilə Ermənistan arasındakı çoxəsrlik əlaqələr bu gün tarixin ən soyuq qışını yaşayır. Nikol Paşinyanın İrəvanın geosiyasi sükanını Avropa İttifaqına doğru çevirməsi, Kreml dairələrinin etirazına tuş gəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Ermənistan siyasətinin pərdəarxasında birbaşa Moskvanı hədəf almaq planının dayandığını bildirib.
Rusiya artıq Ermənistandan gələn güllərin, “Cermuk” suyunun, kənd təsərrüfatı mallarının və üç yerli şirkətin konyak-şərab məhsullarının idxalını məhdudlaşdırıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məhdudiyyətlərə cavab olaraq, Moskvaya qarşı kəskin fikirlər səsləndirib. O, Rusiyanın sanksiyaları qarşısında, Ermənistanın ixracatını tamamilə Aİ bazarına yönəltməyə hazır olduğunu vurğulayıb.
Mözvu ilə bağlı iqtisadçı ekspert, Natiq Cəfərli Sherg.az-a bildirib ki, Ermənistan-Rusiya gərginliyi seçkilərə qədər pik həddə davam edəcək:
“Lakin seçkilərdən sonra Baş nazir postuna kimin seçilməsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətləri yenidən əvvəlki məcrasına qayıdacaq. Hazırda Ermənistan iqtisadi, hərbi və strateji baxımdan Rusiyadan asılı vəziyyətdədir. Ölkənin enerji sektoru demək olar ki, tamamilə Kremlin nəzarəti altındadır. Digər tərəfdən isə İrəvan məhsullarının ixracı və ölkəyə daxil olan miqrant pul köçürmələri də Rusiya bazarına bağlıdır”.
Ekspertin sözlərinə görə, seçkilər ərəfəsində bəzi məhsulların idxalına qadağa qoyulması, Paşinyan hökumətini alternativ yollar axtarmağa məcbur edib:
“Gevorq Papoyan Aİ-yə yönəlməyə hazır olduqlarını bildirsə də, Qərbə məhsul ixrac etmək elə də asan iş deyil. Bunun üçün fitosanitar, keyfiyyət və uyğunluq sertifikatları tələb olunur. Bazarda həddindən artıq tənzimləmə mexanizmləri və sərt qaydalar var. Lakin Avropa İttifaqı Ermənistana ticarət kvotalarını genişləndirə bilər. Bununla da Ermənistan şirkətləri öz məhsullarını gömrük maneəsi olmadan, daha böyük həcmdə Avropa bazarına çıxara biləcəklər”.
İqtisadçının fikrincə, bu cür strateji dəstək, Moskvadan iqtisadi asılılığı azaltmağa çalışan İrəvan üçün “ticarət qalxanı” funksiyasını yerinə yetirəcək:
“Hətta Avropa İttifaqı 2005-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstana güzəştli şərtlərlə bazara çıxış imkanı tanımışdı. Lakin bu proses, Ermənistan məhsullarının keyfiyyət və qablaşdırma standartları baxımından Avropa bazarlarına maneəsiz və rahat çıxış əldə edəcəyi anlamına gəlməməlidir”.