Ermənistan Rusiyanın sanksiyalardan yayınma plasdarmına çevrilib

Regionda Rusiya-Ukrayna münaqişəsindən ən çox “qazanan” ölkənin Ermənistan olduğunu desək yanılmarıq. Ukraynaya qarşı başlatdığı sanksiyalardan dolayı Rusiya analoqu olmayan sanksiyaların təsiri altına düşdü. Mindən çox şirkət ölkəni tərk etdi. Ölkədən güclü insan və maliyyə kapitalı axını baş verdi. Bu resursların bir hissəsi məhz Ermənistana yönəldi. Nəticədə ölkə iqtisadiyyatında analoqu olmayan bir canlanma baş verdi. Ölkənin ÜDM-si ötən il (12,6 %) kəskin şəkildə artdı. İqtisadi inkişafın 2,6 faiz bəndi təkrar ixracın hesabına təmin olundu. İxracının 24,8 %-i (1,3 milyard ABŞ dollarına yaxın) isə məhz təkrar ixracın payına düşürdü. Onsuz ixracın artım templəri 2 dəfə az ola bilərdi. Nəticədə isə Ermənistanın ixracı əvvəlki ilə nisbətən 2022-ci ildə 78 % artaraq 5,3 milyard ABŞ dollarına çatdı.

Ermənistan "aparıcı" çip ixracatçılarından birinə çevrilib

Ötən ilin ixrac üzrə rekord səviyyəyə çıxan Ermənistan bu ildə həmin tendensiyanı davam etdirdi. Bu ilin ilk altı ayında ixrac üzrə yeni tarixi rekord əldə olundu. Ölkənin ixracı 3,27 milyard ABŞ dollarına çatdı. Lakin ixracın strukturuna daha detallı baxsaq bir sıra təzadlı məqamlar ortaya çıxır. Bu Ermənistanın yüksək texnoloji məhsulların ixracının kəskin artmasıdır. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə ölkənin maşın, avadanlıq və mexanizmlər ixracı 8,4 dəfə, yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı isə 14,8 dəfə artıb. Hətta Ermənistan müdafiə sənayesi üçün yarımkeçirici ixrac edən əsas ölkələr arasında 4-cü pilləyə yüksələ bilib.

Bəs Ermənistan bu həcmdə məhsul istehsal etmək iqtidarındadırmı? Stattistik məlumatların təhlili göstərir ki, Ermənistan heç bir halda bu cür miqyasda nə çip nədə ki, digər gəliz texnoloji prosesə əsaslanan avadanlıq istehsal edə bilməz. Ermənistanın ötən il xaricə maşın, avadanlıq və mexanizmlər tədarükündə müstəqillik dövrünün ən yüksək göstəricisi (67 milyon ABŞ dolları) qeydə alındığı halda bu ilin ilk yarısında ixrac birdən-birə 567 milyon ABŞ dollarına çatıb.

Analoji tendensiya yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracında da müşahidə olunur. Belə ki, hesabat dövründə Ermənistanın bu məhsulların ixracı üzrə illik ən yüksək göstəricisi 40 milyon ABŞ dolları olduğu halda bu ilin ilk 6 ayında 351 milyon ABŞ dolları olub. Halbuki ixracın artımına səbəb olan malların bir çoxu Ermənistanda istehsal olunmur. Ölkədə istehsal olunan kompüter, elektron və optik avadanlıqların, nəqliyyat vasitələrinin sayı isə ixrac sayında əhəmiyyətli dərəcədə azdır.