"Sadə ermənilər hər fürsətdə düşmənçiliyi açıq göstərir"
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm"
İrəvanda qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən yürüş zamanı Türkiyə bayrağının yandırılması regionda onsuz da həssas olan münasibətlər fonunda diqqət çəkən hadisəyə çevrildi. Bu cür addımlar təkcə emosional etiraz forması deyil, eyni zamanda cəmiyyət daxilində radikal və qarşıdurma yönümlü yanaşmaların hələ də mövcud olduğunu göstərir. Maraqlıdır ki, belə bir həssas insidentə baxmayaraq, Türkiyə mediasının məsələyə münasibətdə nümayiş etdirdiyi nisbi susqunluq da ayrıca müzakirə mövzusuna çevrilir.
Adətən oxşar hadisələrə daha kəskin və operativ reaksiya verən media mühitinin bu dəfə ehtiyatlı davranması müəyyən siyasi və informasiya strategiyasının mövcudluğunu düşündürür. Çünki dövlət rəmzlərinə qarşı yönələn belə hərəkətlər beynəlxalq münasibətlərdə gərginliyi artıran ciddi siqnallar hesab olunur
Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi bu cür hadisələrin yaratdığı mənfi fonu balanslaşdıran əsas faktorlardan biri olaraq qalır. Liderlər səviyyəsində formalaşmış strateji tərəfdaşlıq və qarşılıqlı siyasi iradə regionda yeni geosiyasi reallıqların müəyyənləşməsində həlledici rol oynayır. Bu baxımdan, baş verənlər təkcə bir insident deyil, daha geniş siyasi kontekst daxilində qiymətləndirilməlidir.
AĞ Partiyanın sədri Tural Abbaslı Serg.az-a söyləyib ki, Paşinyan hakimiyyəti erməni xalqının Türkiyə-Azərbaycan münasibətlərindəki iradəsini əks etdirmir:
“Yəni, mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm. Onlar həm ordu, həm də iqtisadiyyat baxımından zəif olduqlarını bilirlər. Buna görə də Azərbaycan və Türkiyə ilə münasibətlərdə guya sülh və barışıq tərəfdarı olduqları görüntüsünü yaradırlar. Amma hər fürsətdə sadə erməni vətəndaşlarının Azərbaycana və Türkiyəyə qarşı nifrətini nümayiş etdirdiyini görürük. Bu yanaşmanın dəyişəcəyinə inanmaq çətindir. Paşinyan sabah iqtisadiyyat güclənsə, ordu toparlansa, yenidən Türkiyəyə, Azərbaycana, hətta Gürcüstana qarşı ərazi iddialarının gündəmə gətiriləcəyi istisna deyil. Bu baxımdan, belə nüansları ümumi düşüncə tərzinin təzahürü kimi qiymətləndirmək olar. Hazırkı şərtlər daxilində Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh davamlı və etibarlı olmaya bilər. Əksinə, bu, Ermənistanın mövqelərini möhkəmləndirərək gələcəkdə daha böyük risk və təhdidlərə yol aça bilər”.
Türkiyə mediasının məsələyə niyə geniş yer verməməsi məsləsinə toxunan partiya sədri qeyd edib ki, burada siyasi və strateji amillər rol oynayır:
“Türkiyə və Azərbaycan bir çox məsələlərdə, xüsusilə xarici siyasətdə koordinasiyalı şəkildə hərəkət edirlər. Türkiyə də anlayır ki, Ermənistanın bu cür addımları ətrafında mediada və cəmiyyətdə kəskin mənfi atmosfer formalaşdırmaq Azərbaycan-Ermənistan arasında qurulmağa çalışılan sülh prosesinə mənfi təsir göstərə bilər. Həmçinin Azərbaycan höküməti də Türkiyədən vəziyyətin gərginləşməməsi üçün məsələnin üzərindən keçməyi də xahiş edə bilər. Yəni ehtimal etmək olar ki, mövcud mərhələdə gərginliyin daha da artmaması üçün bu mövzu qəsdən qabardılmır. Eyni zamanda, Paşinyan və onun komandası tərəfindən hadisəni pisləyən simvolik açıqlamaların verilməsi də bu kontekstdə nəzərə alınır. Yəni, Türkiyənin bu məsələdə daha ehtiyatlı davranması Azərbaycan-Ermənistan münasibətləri ilə birbaşa bağlıdır”.
T.Abbaslı bildirb ki, Türkiyənin daxili media və siyasi mühiti daha plüralistdir:
“Orada müxtəlif siyasi qruplar, fərqli mövqelər və yanaşmalar mövcuddur. Bu səbəbdən bəzi hallarda Azərbaycanla bağlı tənqidi fikirlərin səsləndirilməsi də təəccüblü deyil. Bu, sistemin çoxsəsliliyindən irəli gəlir. Eyni zamanda, münasibətlərin həssas olduğu bir dövrdə həm Azərbaycanda, həm də Türkiyədə əlaqələrin zəifləməsində maraqlı olan qüvvələrin mövcudluğu da istisna deyil. Buna görə də hansısa qanadın bunda maraqlı olması çaşdırıcı olmamalıdır. Çünki Azərbaycanda da rusmeyillilər Azərbaycan-Türkiyə münasibətlərinin korlanması üçün əllərindən gələni edirlər. Məsələn, niyə hələ də Azərbaycan televiziyalarında türk filmləri tərcümə ilə verilir? Yəni, biz Türkiyədən bu məsələlərdən səhv tutana qədər özümüzdəki o münasibətləri araşdıraq, soruq, artıq onlarda nəsə qüsur axıtaraq. Bu həmişə onlar haqlıdır mənasına gəlmir. Bir sözlə məsələlərə yalnız qarşı tərəfdə problem axtarmaqla deyil, ümumi yanaşma ilə baxmaq daha düzgün olardı “.