- Yerdə qalanların gücü isə hakimiyyət dəyişikliyi etməyə deyil, sadəcə səs-küy salmağa çatır. Onlar məkrli niyyətlərinə çata bilməyəcəklər
Ermənistanda parlament seçkilərində Baş nazir Nikol Paşinyanın üstünlük qazanması, müxalif qüvvələrin etiraz ruhunu alovlandırıb. Hakimiyyət kürsüsünə bəslədikləri son ümidi də itirən müxalif qüvvələr, çarəsizlikdən hər yola əl atmağa başlayıblar.
“Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyan və sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə ərizə veriblər. Onlar Paşinyan hökümətini seçkiləri saxtalaşdırmaqda ittiham edirlər. Məhkəmədən istədikləri məticəni əldə edə bilmədikdə isə son çarəni koalisiya yaratmaqda görüblər. S. Karapetyanın sözlərinə görə, “Koordinasiya Şurası” yaradılmalı, bütün problemlər xalqla üz-üzə müzakirə edilməlidir. O, Ermənistan mediasına verdiyi açıqlamada hakimiyyətə etiraz məqsədilə böyük mitinq keçirməyi planladıqlarını bildirib.
Bəs müxalif blokun yeni hökuməti devirmək gücü və potensialı varmı?
Mövzu ilə bağlı ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, müxalif qüvvələr Rusiyanın tapşırığına əsasən Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər:
“Məhz buna görə saxtalaşdırma məsələsini ortaya atıb, seçkilərin nəticələrinin ləğv olunması üçün konstitusiya məhkəməsinə müraciət ediblər. Fikrimcə, məhkəmə bu iddianı rədd edəcək. Bundan da əlini üzən revanşist qüvvələr küçə yürüşləri və mitinqlər vasitəsilə höküməti yıxmağı hədəfləyəcək. Lakin ermənistanlı analitiklərin fikrincə, onlar hökuməti devirmək üçün ətraflarına kifayət qədər tərəfdaş toplaya bilməz”.
Professorun sözlərinə görə, revanşistlər seçkilərin saxtalaşdırılması məsələsini ön plana çıxarmaqla xalqı etirazlara sövq etməyə çalışırlar:
“Mandat bölgüsünə əsasən, müxalif qüvvələrdən “Güclü Ermənistan” 28, “Ermənistan” bloku isə 12 mandat əldə edib. Q.Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası isə parlamentə düşmək üçün tələb olunan 4 faizlik seçki baryerini keçə bilmədi. Köçaryan, Sarukyan və Karapetyan cütlüyü, Rusiyanın proksi qüvvələri olduqlarına görə tapşırığı da Kremldən alırlar. Onlar Paşinyanın başlatdığı sülh prosesini, Tramp marşrutunu, kommunikasiya xətlərinin açılmasını və getdikcə güclənən Azərbaycan-Türkiyə münasibətlərini əngəlləməyi qarşılarına məqsəd qoyublar. Bütün bunlara mane olmaq çətin məsələdir”.
Q.Çaxmaqlı qeyd edib ki, Ermənistanda əhalinin 70 faizi Paşinyanın sülhpərvər fəaliyyətini dəstəkləyir:
“Yerdə qalanların gücü isə hakimiyyət dəyişikliyi etməyə deyil, sadəcə səs-küy salmağa çatır. Onlar məkrli niyyətlərinə çata bilməyəcəklər. Yeni parlament avqust ayında fəaliyyətə başlayacaq. Çətini hökümətdə üstünlüyə nail olmaq idi. Revanşist qüvvələrin etdiyi son addımlar, can verən balığın son çırpınışlarından başqa bir şey deyil. Artıq Ermənistanda proseslər Paşinyanın istədiyi istiqamətdə gedəcək”.