Gözlər Brüsseldə: Böyük sülh müqaviləsi imzalanacaq? - ŞƏRH
Brüssel görüşündən ciddi gözləntilər yoxdur
Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş bu gün Brüsseldə baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl görüş iyulun 21-nə nəzərdə tutulmuşdu. Sonradan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin planlaşdırıldığından əvvəl ola biləcəyi barədə xəbər vermişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək. Rusiyalı politoloq İqor Korotçenkonun sözlərinə görə, Brüsseldə baş tutacaq təmas konkret nəticəsi olmayan növbəti görüş olacaq. Lakin rusiyalı şərhçinin sözlərinə görə, ayrı-ayrı məkanlarda keçirilən bu görüşlər tədricən, addım-addım mövqeləri yaxınlaşdırmağa, hələ də həllini tapmayan məsələləri müzakirə etməyə, yanaşmalar tapmağa yönəlib. Onun fikrincə, Ermənistan Azərbaycanla danışıqlara və razılaşmalara daha çox meyillənib: "Ancaq bir daha qeyd etmək istəyirəm ki, sülh müqaviləsinin imzalanmasına hələ xeyli vaxt var".
Planlaşdırılan görüşlə bağlı "Sherg.az"a danışan millət vəkili Nəsib Məhəməliyev deyib ki, Brüsseldə Şarl Mişelin vasitəsilə baş tutacaq görüşün vaxtının ertələnməsinin səbəbi dövlət başçılarının iş qrafiki ilə bağlı ola bilər. Deputatın sözlərinə görə, görüşün nə vaxt və harada keçirilməsinin fərqi yoxdur. Əsas odur ki, nəticə olsun və problem ədalətli həllini tapsın:

"Son günlər danışıqlarda müəyyən müsbət irəliləyişlər nəzərə çarpsa da, prinsipial məsələlərdə kəskin fikir ayrılıqları qalmaqdadır. Müsbət addımlar dedikdə, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatını nəzərdə tuturam. Ancaq bəyanatın arxasında əməli addımlar dayanmalıdır. İlk növbədə Qarabağdakı on minədək erməni silahlısı torpaqlarımızdan çıxarılmalıdır. İrəvan Zəngəzur yolunun açılacağı barədə öhdəlik götürməli, sərhədlərin delimitasiyasına dərhal başlanılmalıdır. Əfsuslar olsun ki, Paşinyan hələ də müxtəlif qütblər arasında vurnuxur. Azərbaycanı aqressiv davranışda, hansısa “genosiddə” günahlandırır. Qarabağ ermənilərinin gələcək taleyi, "hüquqları", "təhlükəsizliyi" ilə alver edir. Belə barışıq, sülh olmur".
N.Məhəməliyev vurğulayıb ki, Brüssel görüşündən ciddi gözləntilər yoxdur: "Cüzi irəliləyişlərin olması mümkündür. Ancaq düşünürəm ki, böyük sülh müqaviləsinin imzalanması üçün geosiyasi şərait yetişməyib. Masada iki format mövcuddur. Biri kollektiv Qərbin, digəri isə Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlardır. Bunlar bir-biri ilə düşmənçilik vəziyyətindədirlər və prosesə öz maraqları, baxışları var. Bizim üçün məqbul olanı ABŞ və Brüssel formatıdır. Əsas gözləntilərimiz də bundadır. Əgər kollektiv Qərb, Ermənistana ciddi təzyiqlər göstərsə, konkret sanksiyalar tətbiq etsə, sülh müqaviləsi imzalana bilər".