İddiaçılar 15 dəqiqəlik çıxışda dissertasiyanı kağızdan oxuyurlar
Müdafiə olunan dissertasiyaların azı 80 faizi yazdırılır
Təklif olunur ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır
"Əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə görüşündə çıxışı zamanı deyib. Emin Əmrullayev bildirib ki, əqli mülkiyyət anlayışı uşaq yaşlarından aşılanmalıdır. Bu, bir mədəniyyət göstəricisidir: “Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur. İstinad anlayışı ilə şəxsən mən 20 yaşımda tanış olmuşam. Bu özü aydın məsələdir, həm də bir psixoloji proses və anlayışdır. Ona görə də bu məsələlər şagirdlərə, tələbələrə ən yaxşı formada izah edilməlidir. Məktəb illərindən bu dəyər aşılanmalıdır”.
Millət vəkili, təhsil eksperti Etibar Əliyev də deyib ki, son illər plagiatlıqdan betər proseslər gedir. Deputatın sözlərinə görə, müdafiə olunan azı 80 faiz dissertasiyalar yazdırılır:
"Bütün elm sahələri üzrə dissertasiya yazan qruplar formalaşıb. Heç bir aktuallığı olmayan mövzulardan işlər yazılır. Rahat müdafiə prosesləri keçirilir. Bəs bunu necə sübut etmək olar? İddiaçılar 15 dəqiqəlik çıxışda dissertasiyanı kağızdan oxuyurlar. Əvvəlcədən onlara suallar paylanılır. İddiaçının işinin özünün yazmadığının bir sübutu da ədəbiyyat siyahısdır. Köhnə ədəbiyyatlara geniş yer verilir və alim olmaq üçün dissertasiyanı yazdıranlar istifadə olunmuş ədəbiyyat siyahısndakı kitabların birinin də üzünü belə görməyiblər. Mən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda işləyəndə belə faktlara çox rast gəlmişəm. Ali Attestasiya Komissiyası bu işlərdən xəbərsiz deyil. Rəhmətlik Azad Mirzəcanzadə verdiyi cəmi 2 sualla bunu aşkara çıxarırdı. İndi sualı kim verəcək? Kitab oxuyan varmı ki, ədəbiyyat siyahısından suallar versin? Elm sahələri üzrə yazılmış yeni ədəbiyyatlara kitab mağazalarında toxunan belə yoxdur".