İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ

 Moskva təsir imkanlarını qorumaq üçün hərəkətə keçib

Ermənistanın Avropa İttifaqına meyilli siyasəti Rusiya dairələrinin etiraz ruhunu alovlandırıb. Bir zamanlar ruslara qardaş deyən Paşinyan, indi onlarla əlaqədə olanlara agent və ya satqın kimi baxmağa başlayıb. Xüsusilə də Baş nazir postuna namizəd, sabiq prezident Robert Koçaryanın Rusiya prezidentindən kömək istədiyinə dair səsyazıların internetdə yayımlanması, Moskva və İrəvan arasındakı münasibətləri gərginləşdirib.

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Paşinyan Moskva ilə münasibətləri pozmağa doğru yol alır. Medvedev, Paşinyanın bir tərəfdən Avropa İttifaqına yaxınlaşmağa, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi üstünlükləri, qoruyub saxlamağa çalışdığını bildirib. Onun sözlərinə görə, Paşinyan bu siyasətlə çətin vəziyyətə düşə bilər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Medvedevə cavabında, Rusiya ilə əlaqələri kəsməkdə maraqlı olmadıqlarını diqqətə çatdırıb.

Mövzu ilə bağlı millət vəkili, politoloq Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, Medvedevin bəyanatlarında, geosiyasi narahatlığın ifadəsi nəzərə çarpır:

“Məsələni yalnız Kremlin emosional reaksiyası və ya Ermənistanın Rusiyadan qopması kimi təqdim etmək düzgün olmaz. Burada paralel şəkildə gedən iki proses var. Şübhəsiz ki, bu açıqlamalar ilk növbədə siyasi təzyiq xarakteri daşıyır. Moskva Ermənistanda formalaşan ictimai-siyasi atmosferə təsir göstərməyə çalışır. Medvedev, Paşinyanın Qərbə yaxınlaşma prosesinin ciddi nəticələrə səbəb olacağını vurğulamaqla, seçkiqabağı Ermənistanda Rusiyaya bağlı qüvvələrin fəallaşdırılacağına işarə edir. Kreml Ermənistanın iqtisadi, enerji və təhlükəsizlik məsələlərinə diqqət çəkərək, hələ də Rusiyadan asılı olduğunu göstərməyə çalışır”.

Politoloqun sözlərinə görə, iki yol ayrıcında qalan Paşinyanın vəziyyəti həqiqətən də kritikdir:

“Çünki, son illərdə Ermənistanın xarici siyasət kursunda nəzərəçarpacaq dəyişikliklər baş verib. Avropa İttifaqı ilə regiondakı sülh prosesinə xələl gətirən yaxınlaşma, Qərb platformalarında fəallıq nümayişi və Rusiyanın təhlükəsizlik mexanizmlərinə etimadsızlıq, Moskva tərəfindən strateji risk kimi qəbul olunur. Regionda sülhə mane olan əsas faktor, yalnız Rusiya-Qərb rəqabəti üzərində dayanmır. Problem ondan ibarətdir ki, bəzi xarici aktorların iştirakı, Ermənistanda revanşist dairələrdə yanlış gözləntilər formalaşdırır. Həqiqi sülh xarici himayəyə əsaslanan görüntülər üzərində deyil, regional dövlətlərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə qəbul etməsi üzərində qurulmalıdır”.

Millət vəkili qeyd edib ki, 2020-ci ildən sonra Cənubi Qafqazda qurulan yeni düzən, Moskvanın təsir imkanlarını zəiflədib:

“Bu nöqteyi nəzərdən, Medvedevin açıqlamaları həm xəbərdarlıq, həm də təsir alətidir. Ermənistan isə balanslı siyasət adı altında, bir tərəfdən Qərbə yaxınlaşır, digər tərəfdən isə Rusiyanın iqtisadi sistemindən çıxmaq istəmir. Bütövlükdə, vəziyyət nə “tam qırılma”, nə də “adi siyasi polemika” mərhələsindədir. Əslində Rusiya dairələrinin mövqeyi, Cənubi Qafqaz uğrunda geosiyasi təsir mübarizəsinin daha sərt mərhələyə keçdiyini göstərir. Belə şəraitdə region üçün ən rasional yol böyük güclərin rəqabətindən kənar, birbaşa regional dialoq və dayanıqlı sülh modelinin qurulmasıdır”.