İran Hörmüz boğazını qırmızı xətt elan edib - ŞƏRH

Tankerlərdən 2 milyon dollar tələb oluna bilər

Yaxın Şərqdə baş verən son hərbi-siyasi proseslər təkcə regional təhlükəsizlik balansını deyil, həm də qlobal enerji və logistika marşrutları məsələsini yenidən gündəmə gətirib. Xüsusilə dünya neft daşımalarının əsas keçid nöqtələrindən biri hesab olunan Hörmüz boğazının statusu ətrafında yaranan müzakirələr diqqət mərkəzindədir. 

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a bildirib ki, İran son müharibədən sonra bu strateji xəttə daha sərt və prinsipial mövqe nümayiş etdirir: 

"Xüsusilə İran bu son müharibədən sonra Hörmüz boğazının özü üçün strateji logistika sahəsi olduğunu çox ciddi şəkildə anladı. Buna görə də bu iddiasından qətiyyən geri çəkilmək istəmir.

Müharibədən əvvəl Hörmüz təbii bir boğaz kimi və beynəlxalq hüququn tələbi olaraq beynəlxalq keçidlərə tamamilə açıq idi və tankerlərdən heç bir ödəniş tələb olunmurdu. Amma Amerika birtərəfli şəkildə işğal hərəkətinə və hücuma başladıqdan sonra strateji mənada dönüş yaşandı. Bu dönüş həmin itki ilə birbaşa əlaqəli şəkildə formalaşmış oldu. Bundan sonra da bu inkişafa bağlı olaraq dəyişiklik yaşanması gözlənilir.

Çünki burada İran özünü tamamilə zərərçəkmiş və məzlum hesab edir və bu müharibə zamanı 200 milyard dollara yaxın itki ilə üzləşdiyini bildirir. Bu itkinin isə ya dondurulmuş təxminən 120 milyardlıq vəsaitinin azad edilməsi, ya sanksiyaların tamamilə aradan qaldırılması, ya da Amerikanın ona təzminat ödəməsi yolu ilə qarşılanmasını istəyir".

Politoloq qeyd edib ki, bunlar baş vermədiyi təqdirdə Hörmüz boğazı ödənişli hala gətiriləcək:

"Hörmüzə tanker başına 2 milyon dollara çata biləcək müəyyən xərclər tətbiq olunacağı gözlənilir. Bu mövqedən yanaşdıqda ciddi bir problemlə qarşı-qarşıya olduğumuzu görürük. Problemin həlli üçün bir çıxış yolu, daha doğrusu alternativ axtarışları gündəmdədir.

Amma İran qətiyyən Hörmüz boğazının statusu məsələsini müzakirə mövzusu etmir və bunu öz qırmızı xətti kimi qiymətləndirir. Ortada ciddi problem olduğu görünür və yaxın zamanda da bu problemin həll olunacağı gözlənilmir. Xüsusilə nüvə məsələsində, yəni danışıqları ertələyən və ya bu mövzuda fərqli güzəştlər verə biləcəyini irəli sürən İran, Hörmüz boğazının statusu məsələsində qətiyyən güzəştə getmir. Çünki bura Omanla İran arasında yerləşən bir hissədir. Amma boğazdan xüsusilə gəmilərin keçməsi üçün lazım olan dərinliyə malik sahə İranın kontinental şelfindən keçir. Buna görə də İran bu məsələdən vaz keçmir".