"İran tarixi fürsəti yaxşı dəyərləndirə bilmir" - Millət vəkili
Hikmət Babaoğlu: "Əgər soyuq başla düşünsə, Zəngəzur dəhlizinin onlar üçün faydalı olacağını dərk edər"
İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı artmaqdadır. Fars rejiminin “Jamaran” nəşrində bildirilib ki, əgər Zənzəgur dəhlizi reallığa çevrilərsə, Azərbaycan Naxçıvana Ermənistanın Sünik (Zəngəzur) vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Qəzetin iddiasına görə, bu, İran-Ermənistan sərhədini həmişəlik kəsəcək. Məqalədə Naxçıvan Azərbaycanın “Axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır: “Bu gün İran 15 ölkə ilə qonşudur. Əgər Azərbaycandan Naxçıvana keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru yolla çıxışı həmişəlik bağlanacaq”.
İranın Zəngəzur dəhlizini özü üçün "fəlakət" kimi görməsini "Sherg.az"a şərh edən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilk növbədə vurğulayıb ki, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana maneəsiz keçidin təmin olunması 10 noyabr 2023-cü ildə imzalanmış üçtərəfli bəyanatda Ermənistan öz üzərinə götürdüyü öhdəlikdir. Parlamentari bəyan edib ki, üçtərəfli sazişdə birmənalı nəzərdə tutulub ki, "Naxçıvana maneəsiz keçid təmin ediləcək". Deputatın sözlərinə görə, Ermənistan gec-tez bu öhdəliyini yerinə yetirməlidir:
"Bəs bu məsələ İranı niyə narahat edir? İran Zəngəzur dəhlizi məsələsinə dövlət və milli maraqlardan daha çox imperialist maraqlardan yanaşır. Narahatlıq bundan irəli gəlir. Əgər doğrudan da, Azərbaycanı özünə yaxın, dost və qonşu ölkə hesab etsəydi, Naxçıvana maneəsiz keçidin əldə olunması Tehranın narahatlığına səbəb olmazdı. Nəticə etibarı ilə Zəngəzur dəhlizi İranda yaşayan 30 milyondan çox azərbaycanlı üçün iqtisadi təminat, sosial rifah deməkdir. Həmçinin İran-Azərbaycan arasında inteqrasiya və əlaqələrin daha da dərinləşməsidir. Təəssüf ki, İran bu məsələyə fars-şovinizmi eynəyi ilə baxır. Tarixi fürsəti düzgün dəyərləndirmir və tərsinə qiymətləndirir. Öz maraqlarını və regionda böyümə imkanlarını məhdudlaşdırır. Zəngəzur dəhlizi açılacaqsa, İranın da bu dəhliz üzərindən Mərkəzi Asiyaya inteqrasiya etmək imkanları yaranacaq. Bu baxımdan İranın prosesə baxışı, yanaşması doğru deyil. Əgər soyuq başla düşünsə, Zəngəzur dəhlizinin onlar üçün faydalı olacağını dərk edər. Anlayar ki, dəhliz İranla Ermənistan arasında heç bir məhdudiyyət yaratmayacaq".
Milli Məclisin üzvü diqqətə çatdırıb ki, İran mediasının Naxçıvanı "Axillesin dabanı" adlandırması isə Azərbaycana qarşı çox mənfi baxışlar sisteminin təzahürüdür:
"Bu bənzətmə onu göstərir ki, İran Azərbaycana dost ölkə kimi deyil, əksinə, düşmən ölkə kimi baxır. İranın Azərbaycana qarşı düşmənçilik siyasəti nə qədər dərindir ki, azərbaycanlılara nifrəti nə qədər böyükdür ki, "ən zəif yer" kimi gördüyü Naxçıvan üzərindən Azərbaycana zərbə vurmağa çalışır. Zəngəzur dəhlizinin açılmamasını da ona görə istəyir ki, Naxçıvan zəifləsin və Azərbaycana daha çox ziyan dəysin. Bu da İranda Azərbaycana qarşı olan fars şovinizminin yanlış, aqressiv və kinli təzahürüdür. Nə olur-olsun, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Zəngəzur dəhlizi bütün region ölkələri üçün lazımlıdır. İranın müstəmləkə siyasi baxışlarının da uzun müddət yaşama potensialı yoxdur. Dünyada yeni proseslər cərəyan etməkdədir. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini yenidən təyin edir".