İran Trampın açıqlamasından sonra bütün ölkələrə çağırış etdi

“Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməli və istənilən sanksiyanı rədd etməlidir”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir: “ABŞ-nin İrana qarşı iqtisadi sanksiyaları, adından və formasından asılı olmayaraq BMT Nizamnaməsini, beynəlxalq humanitar hüququ və insan hüquqlarını pozan tamamilə qanunsuz və əsassız tədbirlərdir. Buna görə də, bütün ölkələr bu cür sanksiyaları tətbiq etməkdən və iştirakdan çəkinməyə borcludurlar. Bütün dövlətlər bu qanunsuz addımlardan qaynaqlanan halları və ya nəticələri tanımamaq və dəstəkləməmək öhdəliyi daşıyırlar”.

İran XİN hesab edir ki, digər ölkələrin ABŞ-nin tərəfində iqtisadi müharibədə iştirakı bir dövlətin iradəsini digər müstəqil ölkələrə qanunsuz olaraq qəbul etdirmək demək olardı, bu da BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İrana qarşı görünməmiş iqtisadi müharibə və təcridin başladığını açıqlayıb. Amerika lideri həmçinin İranla iqtisadi əlaqələrini davam etdirən və onu dəstəkləyən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.