İranın xarici işlər naziri Abbas Əraqçi ilə Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Əraqçi söhbət zamanı Fransanın Tehrandakı iki diplomatının diplomatik normalara və qaydalara zidd hərəkətlərinə etiraz edərək, bu davranışları qəbuledilməz adlandırıb. O vurğulayıb ki, xarici nümayəndəliklərin fəaliyyətini davam etdirməsi üçün olduqları ölkənin qanun və qaydalarına riayət olunması, eləcə də diplomatik prinsip və normalara əməl edilməsi zəruridir.
Əraqçi Fransa hökumətini bu cür halların təkrarlanmaması üçün lazımi tədbirlər görməyə çağırıb.
O bildirib ki, Hörmüz boğazının bağlanması ABŞ-ın İslamabad memorandumundan irəli gələn öhdəlikləri pozmasının və Vaşinqtonun gərginliyi artıran addımlarının birbaşa nəticəsidir.
Əraqçi onu da qeyd edib ki, yaranmış vəziyyətin məsuliyyəti razılaşmalardan geri çəkilən və birtərəfli yanaşmalarını davam etdirərək diplomatiya və regional sabitliyi təhlükə altına alan tərəfin üzərinə düşür.