İranda saxlanılan Fərid anasına zəng edib
"Əsas əzab çəkdiyi yer tək adamlıq kamerada saxlanarkən olub”
İrana arxasınca getdiyi qız və ailəsi Fəridin əleyhinə məhkəmədə ifadə verməyib
İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli anası ilə telefonla danışıb.
Bu barədə Trend-ə açıqlamasında onun anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb:
O bildirib ki, oğlumun səhhəti normaldır, yemək və həkimlə təmin olunma qaydasındadır.
"Əsas əzab çəkdiyi tək adamlıq kamerada saxlanarkən olub. Ancaq indi ümumi dustaqların saxlandığı ümumi yerdədir. Ümumən günahsız saxlandığına görə özünü pis hiss edir. Fərid bildirdi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə hökm oxunması gözlənilir. İrana arxasınca getdiyi qız və ailəsi Fəridin əleyhinə məhkəmədə ifadə verməyib. Ancaq nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb."
D. Əsgərova qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür.
"Konsulluq nümayəndələri Fəridlə görüşüblər və bildiriblər ki, sağlamlığı yerindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları da mənimlə daim əlaqə saxlayırlar", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Şərq"ə deyib ki, İran rejiminin soydaşımıza qarşı hərəkəti həm qanunsuz, həm də haqsızlıqdır. Ekspertin fikrincə, bu davranış eyni zamanda islam dininə, qonşuluq haqlarına, beynəlxalq hüquqa qarşı hörmətsizlikdir: "İran rejimi vətəndaşımızı rəsmən əsir saxlayır və orta əsr qaydalarına görə mühakimə edir. Şər atır, böhtan quraşdırır. Ölkələrimiz arasında münasibətlərin pisləşməsinə qarşı guya hansısa təsir rıçaqı axtarırlar. Halbuki islam aləmində özlərini rüsvay edirlər. Günahsız yerə bir insanı həbs etmək, əziyyət vermək, valideynlərinə mənəvi əzab yaşatmaq ən böyük günahdır. Adını "İslam dövləti" qoymuş bir rejim Allaha niyə üsyan edir? Əllərində başqa sübut olmadığına görə, sadəcə, təzyiq vasitəsi kimi gənci həbsdə saxlayıblar. Sanki gözləyirlər ki, Azərbaycan hansısa məsələdə güzəşt etsin, onlar da gənci buraxsınlar. Ölkəmizdə İranın çoxsaylı agenti həbs olundu. İndi istəyirlər desinlər ki, "sizin də bizdə agentiniz var və biz də onu tutmuşuq". Nə qədər gülünc, nə qədər həyasız hərəkətdir".
T.İrfanın sözlərinə görə, həbs olunan vətəndaşımızın agent və təxribatçı olmadığı şübhəsizdir: "Gənc tələbə İranı normal ölkə hesab edib, islam və müsəlman adına aldanıb, qonşu olmağımıza güvənib ora səfər edib. Günahsız yerə də onu şərləyib tutublar, işgəncə veriblər, hələ məhkəmə də edirlər. Bir neçə dil bilən, savadlı adam görəndə İran rejimi qorxur. Hələ daş dövrünün qaydaları ilə yaşayan rejim mənsubları dil bilən adam görəndə xoflanırlar. Ümumiyyətlə, İranın şərləmə metodu odur ki, hədəfə aldığı şəxsi dinə yaxın adamdırsa "vəhhabi", siyasətçidirsə "sionist" və "İsrailin adamı" adı ilə şərləyir. Yaxud da başqa bir şey tapmayanda adını "casus" qoyub qaralayır. Çünki rejim sırf şeytanın, şərin və terror üsulları ilə ayaqdadır. Hesab edirəm ki, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır. Əsasən mediada bu məsələ dünya miqyasında yayılmalıdır.
Müsəlman ölkələrinin də etirazı vacibdir. Onun üçün bütün müsəlman ölkələrinə bu məsələni çatdırmalıyıq".