"Regionda vəziyyət getdikcə daha da qəlizləşəcək. Gözlənilən və gözlənilməyən vəziyyətlərə hazır olmalıyıq"
“Müharibənin nəticələrini izləməklə bərabər, adekvat planlarımızın olması zəruridir. İranda baş verən hadisələr, müharibənin törətdiyi ağır fəsadlar, orada yaşayan 40 milyondan artıq soydaşımızın taleyi bizi düşündürür”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib. Ə.Bəydəmirli qeyd edib ki, münaqişənin bu və digər formada Azərbaycana təsiri qaçılmazdır: 
- Çox mürəkkəb dini idarəetmə rejiminin İrandakı vəziyyəti normal hala gətirəcəyi, ölkəsini və əhalisini sağ-salamat qoruyub saxlayacağı inandırıcı deyil. İranda seçki yolu ilə seçilmiş prezident Məsud Pezeşkianın isə heç bir səlahiyyəti yoxdur. Baxmayaraq ki, onun böyük məsuliyyəti var. Sabahkı gün seçicilər ondan bu müharibəyə görə hesabat tələb edə bilərlər. Acı reallıqdır ki, İrandakı mürtəce molla rejimi ölkəni dəhşətli duruma gətirib çıxarıb. Gerçəkdən belə bir rejimin nüvə silahına sahiblənməsi region üçün böyük təhdid, qarşısıalınmaz fəlakət olardı. Amma bu müharibədə İran sərt idarəetmə rejimini yumşaltmasa, təhdid dolu bəyanatlarına son qoyub güzəştə getməsə daha böyük faciələrlə üzləşəcək. Məlum məsələdir ki, ABŞ prezidenti Donald Trampın həm dünya, həm də Orta Şərqlə bağlı strateji planları var. Özünə rəqib gördüyü Çini zəiflətmək, Venesuelada olduğu kimi, İranda da özünə loyal hakimiyyətin formalaşması Trampın hədəflərindədir. Onun bu istəyinə tamamilə nail olub-olmayacağını indi demək çətindir.
Regionda vəziyyət getdikcə daha da qəlizləşəcək. Gözlənilən və gözlənilməyən vəziyyətlərə hazır olmalıyıq. İranda mənşəyi, ağası, nəsli-kökü bilinməyən silahlı dəstələrin Azərbaycan ərazisinə yenidən dron hücumu etməsi, digər təxribatlar törətməsi gözləniləndir. Azərbaycan Silahlı Qüvvələrinin suveren ərazilərimizə istənilən hücum cəhdinin qarşısını alacağına inanırıq. Həmçinin Cənub qonşumuzda gedən bütün prosesləri, müharibənin nəticələrini izləməklə bərabər, adekvat planlarımızın olması zəruridir.