“Netanyahu və Tramp sağ göstərib, sol vura bilər. Dəfələrlə danışıqlar gedərkən anidən ABŞ və İsrailin İrana hücum etdiyinin şahidi olduq"
Bütün dünyanın diqqəti yenidən Yaxın Şərqdə cərəyan edən gərgin toqquşmaya yönəlib. SEPAH ötən gün, gözlənilmədən İsraili raket atəşinə tutub. ABŞ və İran arasında aprelin 8-də atəşkəs imzalansa da, tərəflər fasilələrlə bir-birlərinə zərbələr endirməyə davam edirdilər. Lakin İran atəşkəsdən sonra ilk dəfə olaraq məhz ötən gün İsrailə birbaşa hücumlar həyata keçirdi.
Parlament sədri Məhəmmədbaqer Qalibaf, atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb. O bildirib ki, ABŞ və İsrail etimad yaratmaq üçün əsl iradə nümayiş etdirməyənə qədər İranın cavabı sərt olacaq. ABŞ Prezidenti Donald Trampın proseslərə reaksiyası təəccüb doğurub. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxladığını və onu döyüş meydanında tək buraxmaqla hədələdiyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, İranın ABŞ ilə danışıqları birtərəfli qaydada gedir:
"İsrail isə İranı elə bir vəziyyətə sürükləməyə çalışır ki, Tehran sonda irəli sürülən bütün şərtləri qəbul etməyə məcbur qalsın. Məhz buna görə, İsrail ABŞ olmadan İranın limanlarına zərbələr endirir. Əsas hədəfləri Bəndər-Abbas limanıdır. Çünki SEPAH-ın dəniz bazaları burada yerləşir. İranın idxal və ixracının təxminən 60-70%-i Bəndər-Abbas limanından keçir”.
Politoloqun sözlərinə görə proseslərin gedişatını, Trampın açıqlamarına əsasən analiz etmək düzgün deyil:
“O güya ki, Netanyahunu İrana hücumdan çəkindirmək üçün onu meydanda tək qoymaqla hədələyib. Unutmayaq ki, fevralın 28-də İsrail və ABŞ cütlüyü bütün ölkələrdən xəbərsiz, İrana hücum etməyə başladılar. Kağız üzərində əldə olunan atəşkəs, regiondakı hərbi gərginliyi səngitməyə kifayət etmədi. Əksinə, müdafiəsiz qalan region İsrailə zərbələr endirmək üçün daha əlverişli imkanlar yaratdı”.
Q.Hüseynli qeyd edib ki, Trampın dediklərinə ehtiyatla yanaşılmasının tərafdarıyam:
“Netanyahu və Tramp sağ göstərib, sol vura bilər. Dəfələrlə danışıqlar gedərkən anidən ABŞ və İsrailin İrana hücum etdiyinin şahidi olduq. Tərəflər arasında Trampın təbirincə desək, bir həftəyə razılaşma əldə oluna belə, gec-tez yenidən qanlı müharibə başlayacaq. Bir sözlə, İrandakı molla rejimi yıxılana qədər İsrail hücumlardan əl çəkən deyil”.