- Yaxın Şərqdə yeni qarşıdurma siqnalı verilib, İranla İraq Kürdüstanı arasında etimad tamamilə çökür
İranla ABŞ və İsrail arasında davam edən qarşıdurmanın fonunda İraq Kürdüstanı da yeni və təhlükəli eskalasiya ilə üzləşib. İran ərazisindən buraxıldığı bildirilən iki “Hadid-110” hücum dronunun İraq Kürdüstanı Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin ofisini və bölgənin təhlükəsizlik xidmətinin rəhbərinin iqamətgahını hədəf alması diqqəti xüsusilə artırır. Hücum nəticəsində ölən və yaralananların olmadığı bildirilsə də, hədəflərin siyasi və təhlükəsizlik baxımından yüksək səviyyəli obyektlər olması hadisənin sıradan hərbi insidentdən daha ciddi siyasi mesaj daşıdığını göstərir. İraq Kürdüstanı rəhbərliyi hücumu qəbuledilməz və təhlükəli eskalasiya kimi qiymətləndirib. Məsrur Bərzani bunun bölgənin təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid olduğunu bildirib. Hadisə eyni zamanda İranla İraq Kürdüstanı arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsi, Ərbilin isə regional qarşıdurmada mövqeyini qorumaq imkanlarının daralması ilə bağlı suallar yaradır. Xüsusilə nəzərə almaq lazımdır ki, Ərbil son aylarda İran və İranla əlaqəli silahlı qrupların müxtəlif hücumlarının hədəfində olub. Bu baxımdan Bərzaninin ofisinə zərbə İraq Kürdüstanının neytrallığına və təhlükəsizlik imkanlarına ciddi təzyiq kimi qiymətləndirilə bilər. Hücumların davam etməsi isə bölgənin daha geniş İran-ABŞ qarşıdurmasına cəlb olunması riskini artırır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a deyib ki, İranın İraq Kürdüstanına qarşı atdığı son addımlar, eskalasiya riskini də özü ilə bərabər gətirir:

“Çünki hələ ABŞ-nin İrana qarşı addımları yekunlaşmayıb. Düzdür, əvvəlki kəsərdə də bu hadisələr davam etmir. Ancaq atəşkəs razılaşması da yoxdur, sülh istiqamətində ümumiyyətlə bu dəqiqə heç bir iş getmir. Belə olan halda, təbii ki, İran üçün risklər canlılığını qoruyacaqdır. Bu risklər nədən ibarətdir? ABŞ, onun müttəfiqləri İrana qarşı addımlarının kəsərliliyini artırmaq qərarına gələ bilərlər. Belə olan halda, ən effektiv addımlardan biri kimi məhz quru müdaxiləsi qarşıya qoyulan bir məqsəd kimi ön plana çıxa bilər. İndi İranın İraq Kürdüstanına qarşı atdığı bu addımlar bir növ özü üçün başqa bir riski ortaya çıxara bilər. Yəni sabah ABŞ və ya başqa ölkələr quru əməliyyatına başlamaq qərarı versələr, onlar müxtəlif bəhanələrlə, müxtəlif şirinləşdirmələrlə, müxtəlif vədlərlə İraq Kürdüstanını da məhz İrana qarşı hərbi əməliyyatlara qoşulmağa razı salmağa çalışacaqlar. İrana qarşı belə bir əməliyyat başlayarsa, ABŞ çalışacaq ki, bütün müttəfiqlərini səfərbər etsin və vahid mərkəzdən, yəni ABŞ koordinasiyasında onlara İrana qarşı fəaliyyət imkanı yaratsın. Yəni İran İraq Kürdüstanını vurmaqla İraq Kürdüstanında özünə qarşı olan qüvvələrin, daha da anti-İran mövqeyinə keçməsinə səbəb verə bilər”.
Ekspert qeyd edib ki, İranın İraq Kürdüstanının zərbə endirməkdən başqa variantı da yoxdur.
“Çünki hətta Qərb müharibəsində də, İran müharibəsində də ABŞ və İsrailin zərbələri zamanı kürd qruplaşmalarının məhz İran sərhədlərini keçib quru əməliyyatlarına başlama ehtimalları gündəmə gəlmişdi. Hətta İrandan müxtəlif rəsmi şəxslər tərəfindən də bu təhlükə səsləndirildi və İranın buna qarşı bütün növ tədbirləri aldığı bildirildi. Bu, onu deməyə əsas verir ki, həqiqətən də İran tərəfi həmin qüvvələrdən özünə qarşı bir təhlükə hiss edir və buna görə də önləyici addımlar atır. Amma İraq Kürdüstanının mövqeyindən də bu dəqiqə vəziyyətə baxanda belə bir mənzərə ortaya çıxır ki, biz əslində onlara heç nə edə bilmərik, onlar bizi vururlar. Bu da onlara beynəlxalq haqlılıq payı qazandırmaq üçün bir səbəb kimi istifadə edilə bilər, əgər İrana qarşı addımlarda yer almaq qərarına gəlsələr”.
H.Səhrablı vurğulayıb ki, bir tərəfin digərinə qarşı şiddəti varsa, bu, iki tərəfin münasibətlərinin pozulması və gələcəkdə daha da pozulmasına zəmin hazırlanması deməkdir:
“Çünki heç bir tərəf ona zərbə endirən digər tərəfə qarşı xoş münasibət bəsləməyəcək, öz xarici siyasətini formalaşdırarkən onunla dinc münasibətlər fonunda deyil, krizis fonunda məsələyə yanaşacaq, təhlükə kimi görəcək. Bu isə onu deməyə əsas verir ki, gələcəkdə həm İran tərəfi, həm də İraq Kürdüstanı bir-birinə qarşı tətikdə olacaqlar, biri digərindən hər zaman təhlükə gözləyəcək. Bu isə etimad mühitini öldürür, inamı azaldır. Etimad mühitinin, inamın olmadığı reallıqda isə təbii ki, qarşıdurma, qırğın var, problem varr. Bu da, əlbəttə ki, regionun gələcəyi baxımından heç də ürəkaçan nəticələr vəd etmir”.