İrəvan sülh prosesinə hazır deyil

Ermənistan sülhə yönəlik addımlar atmaqdan qorxur
  Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına cavab verib. Nazirlikdən vurğulanıb ki, ərazilərimizi 30 ilə yaxın müddətdə işğalda saxlayan, qarşı etnik təmizləmə siyasəti həyata keçirən, sülh təkliflərinə laqeyd yanaşan Ermənistanın Azərbaycanı "nifrət və düşmənçilikdə" təqsirləndirməsi absurddur. Qeyd olunub ki, Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik və istintaq tədbirləri ilə əlaqədar Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir: "Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır. Eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir". Vurğulanıb ki, erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsindən sui-istifadə edilməsi səyləri qəbuledilməzdir: "Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir və Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir".
  Millət vəkili Asim Mollazadə "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan hökuməti sülhə yönəlik addımlar atmaqdan qorxur. Deputatın sözlərinə görə, bu cür açıqlamalar göstərir ki, İrəvan sülh prosesinə hazır deyil: "Ermənistan belə bəyanatlar verməklə vaxtı uzatmağa çalışır. Həmçinin erməni diasporasının fəaliyyəti nəticəsində bir sıra Qərb ölkələrinin regiona müdaxiləsinə nail olmağa səy göstərirlər. İndiki halda sülh sazişinin imzalanmasına mane olurlar. Bu gedişlə Ermənistanın bir dövlət kimi mövcudluğu sual doğurur. İrəvanın qeyri-müəyyən davranışı çox pis nəticələr verə bilər. Nikol Paşinyan bir tərəfdən danışıqlara hazır olduqlarını bəyan edirlər, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyirlər. Lakin bununla yanaşı, təxribatlardan əl çəkmirlər. Əlbəttə, bu proses uzun çəkə bilməz".
A.Mollazadə diqqətə çatdırıb ki, ABŞ-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında görüş keçiriləcək: "Göründüyü kimi, Qərb, Vaşinqton və Brüssel öz təşəbbüslərini davam etdirirlər. Bu da göstərir ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Ona görə də İrəvanı sülh sazişini tezliklə imzalamağa vadar edirlər. Ermənistan isə prosesi ləngitmək üçün təxribatlarını sürdürür. Görünür, İrəvanda bir qorxu var ki, əsl himayədarları Ermənistanı cəzalandıra bilər".