İrəvan zirvəsindən sonra sülh sazişi daha da yaxınlaşdı - Hulusi Kılıç

Sabiq səfir İlham Əliyev və Paşinyanın çıxışlarını xüsusi ilə təqdir edib

Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı Cənubi Qafqaz və daha geniş region üçün diqqət mərkəzində olan mühüm siyasi hadisələrdən biri kimi yadda qaldı. Beynəlxalq münasibətlər sistemində müxtəlif gərginliklərin müşahidə olunduğu dövrdə keçirilən bu toplantı regional əməkdaşlıq, sabitlik və gələcək perspektivlərin müzakirəsi baxımından əhəmiyyətli platforma rolunu oynadı.

Zirvə çərçivəsində çıxış edən liderlər, o cümlədən İlham Əliyev və Nikol Paşinyan, regionda mövcud vəziyyət, davam edən proseslər və mümkün inkişaf istiqamətləri ilə bağlı mövqelərini ifadə etdilər.

Sabiq səfir, İMZA İB Türkiyə Nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı barədə fikirlərini Sherg.az-la bölüşüb:

"Mayın 4-də Cənubi Qafqazda sülh küləkləri əsdi. Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən ABŞ-İsrailin birgə şəkildə İrana yönəlmiş hücumları davam edir.

Bununla yanaşı, ABŞ ilə Avropa dövlətləri arasında yaranan etimadsızlıq, qeyri-müəyyənlik yaşanır. Belə bir zamanda İrəvanda “gələcəyi qurmaq, Avropada birlik və sabitlik” mövzusu ilə 4 may tarixində Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısının keçirilməsi həm Avropa, həm də regionun sülhü baxımından böyük əhəmiyyət daşıyır. 40-dan çox liderin iştirak etdiyi zirvədə Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı və Ali Baş Komandan, Prezident İlham Əliyevin videokonfrans formatında tədbirə qatılması zirvəyə damğa vurdu.

Avropa Birliyi Komissiyasının Prezidenti Antonio Kostanın açılış nitqində səsləndirdiyi “Azərbaycanın razılığı olmasaydı, bu zirvəni keçirə bilməzdik” ifadəsi çox önəmlidir.

Çünki Azərbaycan zirvənin İrəvanda keçirilməsinə razılıq göstərdi. Həm Antonio Kostanın, həm Paşinyanın, həm də cənab Prezidentin verdiyi mesajlar, eləcə də Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın çıxışı ümumilikdə Cənubi Qafqazda sülhün əhəmiyyətini vurğuladı. Digər çıxış edənlər- Ukrayna Prezidenti Zelenski və Kanadanın Baş naziri də fikirlərində Ermənistan-Azərbaycan arasında sülh prosesinin vacibliyini xüsusi qeyd etdilər".

Sabiq səfir bildirib ki, İlham Əliyev və Paşinyanın çıxışları xüsusi olaraq diqqətəlayiqdir:

"Paşinyan bildirdi ki, artıq 2 ildir iki dövlət arasında heç bir toqquşma baş vermir, heç bir ölüm hadisəsi qeydə alınmayıb. Bu, müstəqillikdən bəri ilk belə haldır. Eyni zamanda, regiondakı yolların açılması daha böyük əhəmiyyət kəsb edir. Paşinyan çıxışında əlavə olaraq bildirdi ki, Azərbaycanla əməkdaşlıq içindədirlər, ötən il regional yolların açılması istiqamətində addımlar atılıb. Həmçinin beynəlxalq sülh və rifah naminə "TRİPP marşurutu” adlı layihənin həyata keçirilməsi üçün iş aparıldığını qeyd etdi.

Paşinyan 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi zirvəsində iştirak etməyi və Azərbaycana səfər etməyi arzuladığını da ifadə etdi. Bu isə həqiqətən də Cənubi Qafqazda sülh mühitinin formalaşdığını göstərir.

Ali Baş Komandan, Prezident İlham Əliyev isə videokonfrans vasitəsilə qatıldığı zirvədə olduqca mühüm mesajlar verdi. O bildirdi ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda başlamış Ermənistan-Azərbaycan sülh prosesi davam edir. Bu müddət ərzində 28 min ton ərzaq göndərildiyini, Azərbaycan ərazisindən 12 min ton yanacaq tədarük olunduğunu və heç bir toqquşmanın baş vermədiyini qeyd etdi".

Ekspert Aİ və AŞPA-nın Azərbaycana qarşı qərəzindən də söz açıb:

"Bəzi Avropa qurumlarının- Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qəbul etdiyi qərarları qınadığını və bunların sülh prosesinə xidmət etmədiyini açıq şəkildə ifadə etdi. Bu fikirlər Avropadan iştirak edənlərin diqqətinə birbaşa çatdırıldı.

Prezidentin bu açıq və birbaşa mövqeyi xüsusi əhəmiyyət daşıyırdı. O, Avropanın ikili yanaşmasını tənqid edərək bunu açıq şəkildə dilə gətirdi. Bu, reallıqların ifadəsidir və həqiqətləri demək hər zaman vacibdir.

Həmçinin qeyd etdi ki, son 5 il ərzində Avropa Parlamenti Azərbaycanla bağlı 14 qərar qəbul edib. O bu qərarların heç birinin əsaslı olmadığını Avropa Komissiyası rəhbərliyinin və digər liderlərin qarşısında açıq şəkildə bildirdi. Bu, bir prinsipial mövqe və siyasi duruşdur. İlham Əliyev Azərbaycanın gücünü nümayiş etdirdi.

Buna görə də zirvə Azərbaycan baxımından son dərəcə səmərəli keçdi".

Hulusi Kılıç zirvədə Türkiyənin iştirakından da danışıb:

"Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın zirvədə iştirakı da tədbirə xüsusi əhəmiyyət qatdı. Son 18 ildə bu səviyyədə ilk iştirak olduğu qeyd edildi. Bunu Paşinyan da məmnuniyyətlə vurğuladı.

Bir tərəfdən Türkiyə Azərbaycan-Ermənistan sülh prosesini izləyir, digər tərəfdən isə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini davam etdirir. Bu proseslər paralel şəkildə, Azərbaycanla məsləhətləşmələr əsasında aparılır ki, bu da sülh üçün çox vacib bir yanaşmadır. Bu, tərəflərin mövqeyini göstərir.

Ümid edirik ki, 2028-ci ilə qədər Vaşinqtonda paraflanmış sülh sazişi imzalanacaq və regionda sabit sülh bərqərar olacaq. Azərbaycanda keçiriləcək zirvədə də daha fərqli, daha müsbət bir mühitin formalaşacağı gözləyir və arzu edirəm. Yaşasın sülh".