
İsrail-Azərbaycan əlaqələri geosiyasi şərtlər üzərində qurulur
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; Bu siyasət Azərbaycanın milli təhlükəsizlik və milli maraqlarına cavab verib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-nin geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrində məqaləsi yayılıb. Nəşrdə Bakı və Qüds arasında strateji tərəfdaşlıq və bir çox məqamlar yer alıb. Qeyd olunub ki, hər iki xalq arasında münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb və daha da inkişaf edəcəyi gözlənilir. Azərbaycan rəsmisi açıqlamasında iki ölkə arasında münasibətlərin çoxşaxəli və dinamik olduğunu, mütəmadi şəkildə inkişaf etdiyini vurğulayıb: “Bu gün biz qarşılıqlı münasibətlərimizin zirvə nöqtəsindəyik və bu dostluğu, əməkdaşlığı dərinləşdirməkdə, inkişaf etdirməkdə qətiyyətliyik”. Məqalə müəllifi qeyd edib ki, bu açıqlamalar Azərbaycanın dünyada şiə çoxluğun yaşadığı ilk dövlət kimi İsraildə öz səfirliyini açmasından cəmi dörd ay sonraya təsadüf edir. Diplomatik missiyanın açılması iki ölkə arasında otuz ildən bəri mövcud münasibətlərin və iki xalq arasında yüzilliklərə söykənən tarixi əlaqələrin, eləcə də təhlükəsizlik və enerji sahəsində tərəfdaşlığın nəticəsidir. Diqqətə çatdırılır ki, iki xalq arasında münasibətlər dinlərarası əlaqələr üçün nümunəvi sayıla bilər və İsrail 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycanı tanıyan ilk ölkələrdən biri olub, 1993-cü ildən Bakıda öz səfirliyini açıb. İsrailin neft tələbatının təxminən 30 faizini Azərbaycan təmin edir, Azərbaycan isə İsrailin hərbi məhsullarının əsas alıcılarından hesab olunur və 2020-ci ildə Ermənistanla müharibədə həmin silahlar Azərbaycanın qələbəsinə töhfə verib. Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycandakı yəhudi icması ölkə ictimaiyyətinə sıx inteqrasiya olmuş mühüm bir icmadır: “Yəhudi icması bizim ölkələri birləşdirən və münasibətləri möhkəmləndirən “canlı körpü“ kimi çıxış edir”. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda yaşayan yəhudilərin sayı 25-30 min civarındadır və Azərbaycandan İsrailə miqrasiya etmiş yəhudilər öz tarixi vətənləri ilə sıx əlaqə saxlayırlar. Həmçinin 50-dək etnik qrupun dinc şəkildə birgə yaşadığı Azərbaycan bu ölkədə yaşayan yəhudi icması ilə yaxşı münasibətlərdən qürur duyur.
Məqalədə iki ölkə arasında əlaqələrin gələcəyinə də toxunulub və qeyd edilib ki, Ermənistanın işğalından azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında İsrail şirkətləri də yaxından iştirak edə bilərlər. Eyni zamanda bu il ərzində Bakıya yüksəksəviyyəli səfərlərin baş tutması da əlaqələrin səviyyəsindən xəbər verir. Həmçinin qeyd edilib ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin inkişafına da öz töhfəsini verir. E.Əmirbəyov məqalənin sonunda qeyd edib ki, İsrail təkcə sözdə dost deyil, eyni zamanda əməldə öz dostluğunu sübut edir və bu, ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. E.Əmirbəyov qeyd edib ki, iki ölkə arasında dostluq əlaqələrinə həm Azərbaycanın yerli yəhudi əhalisi, həm də İsraildəki Azərbaycan icması töhfə verir: "Azərbaycanda heç vaxt antisemitizm halları baş verməyib".
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında israilli iş adamlarının daha fəal iştirakına, eləcə də investisiyaların artırılmasına ümid bəsləyir: “Biz İsrail biznesinin Azərbaycanda daha fəal təmsil olunmasını istəyirik”. O qeyd edib ki, Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə əlaqələri ölkələr arasında yaxşı münasibətlər məsələsində nümunədir: “Beləliklə, Azərbaycan da İsraillə Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində çalışır. Onlar arasında yaxşı münasibətlərin bərpası üçün indiyə qədər heç bir iş görülməsəydi, əlbəttə ki, çox təəccüblənərdim”. Yekunda vurğulanıb ki, Azərbaycan-İsrail münasibətləri həm Bakıda, həm də Qüdsdə hər iki tərəf üçün əhəmiyyətli hesab edilir.
Həqiqətən, Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Cari ilin 30 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev və İsrail rəhbəri İsxak Hersoq arasında görüş keçirilib. Görüşdən sonra prezidentlərin iştirakı ilə “Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir və heç bir ölkəyə qarşı yönəlməyən dostluq növüdür. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahı, inkişafı və rifahına yönəlib. İkitərəfli münasibətlərin inkişaf perspektivləri təsirli görünür. Çünki Azərbaycan-İsrail birliyinin məqsədi regionda sülh və sabitliyi təmin etmək, xalqların həyat keyfiyyətini yüksəltməkdir. İsrail Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə fəal iştirak edir. Azərbaycan İsrailin dəstəyini həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə hiss edir. Bundan əlavə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın YAŞAT Fondu İsraildən oftalmoloqları dəvət edib, həkimlər mütəmadi olaraq xəstələri müşahidə ediblər. Onlar əməliyyatlar aparıblar və əməliyyatdan sonrakı qayğıları tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər. Cənab Prezident İlham Əliyev İsrailin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirərək bildirmişdi: “Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq". İki ölkə arasında xüsusilə enerji və hərbi sənaye kompleksi sahələrində əlaqələr ildən-ilə möhkəmlənir. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrail investorlarının Azərbaycana marağı artır, azərbaycanlı investorlar isə İsrailə maraq göstərirlər. İki ölkənin biznes qurumları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən iqtisadi qarşılıqlı fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir. 2023-cü ilin yanvar-aprel ayları üzrə son məlumatlara görə, İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 33,5 faiz artım var. İsrail Prezidenti Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu bildirmişdi: “Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik".
Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Əminliklə deyə bilərik ki, səfirliyin açılışından sonra münasibətlər bundan sonra daha da dərinləşəcək, eyni zamanda daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, İsrail-Azərbaycan münasibətlərində strateji tərəfdaşlıq yüksələn xətt üzrə davam edir. Ekspertin sözlərinə görə, bu əlaqələr Azərbaycanın milli təhlükəsizlik və milli maraqlarına cavab verib:

"Müdafiə, kəşfiyyat, humanitar, kənd təsərrüfatı, hibrid və bir çox sahələrdə İsrail-Azərbaycan əlaqələri geosiyasi şərtlər üzərində qurulur. Hazırda Cənubi Qafqazda yeni formalaşan geosiyasi nizamda İsrail də yer almaqdadır. İsrailin yüksəkçinli rəsmilərinin Azərbaycana səfərləri, görüşlər, müzakirələr iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldırır. Xüsusən Azərbaycanın İsraildə səfirliyinin açılması ikili əlaqələrə gələcək müstəvidə əlavə impuls verəcək. Azərbaycan illərdir İsrailin müasir hərbi imkanlarından istifadə edir. Beynəlxalq müstəvidə maraqlarımızın qorunması istiqamətində yəhudi lobbisi ilə əməkdaşlıq yüksək səviyyədədir. İsrail ərazisinə, əhalisinə görə kiçik ölkə olsa da, beynəlxalq aləmdə təsir gücü, imkanları kifayət qədər böyükdür. O baxımdan iki ölkənin beynəlxalq müstəvidə koordinasiyalı çalışması xüsusi önəm kəsb edir. Onu da qeyd edək ki, İsrail-Azərbaycan əlaqələri hansısa üçüncü ölkəyə qarşı deyil".