“İsrail Möctəba Xamneinin də arxasınca düşəcək” - Zaur Məmmədovdan PROQNOZ

"SEPAH Möctəba Xamneini hakimiyyətə gətirməklə parçalanmanın qarşısını almağa çalışır"

"Xamneinin ölümündən sonra gözlənilən olmadı, ABŞ və İsrailin planları iflasa uğradı"

ABŞ və İsrailin hücumları nəticəsində, fevralın 28-də İranın ali dini lideri Əli Xamneinin öldürülməsindən sonra ölkədə hakimiyyətin varisliyi məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. Qısa müddət sonra onun oğlu Möctəba Xamnei İranın yeni ali dini lideri elan olundu. Lakin bu qərar din xadimləri arasında birmənalı qarşılanmır. İranın siyasi-dini idarəetmə modelinə görə, ali lider İslam hüququnu dərindən bilməli, cəmiyyət tərəfindən dini və mənəvi baxımdan nümunəvi şəxs kimi qəbul olunmalıdır. Atasından fərqli olaraq Möctəba, indiyə qədər ictimai-siyasi səhnədə ön planda görünməyib. Bir çox din xadimi onun dini biliklərinin və teoloji nüfuzunun ali lider postu üçün uyğun olmadığını iddia edir. Hətta Möctəbanın adı 2005-ci il prezident seçkiləri zamanı pərdəarxasında, SEPAH ilə əlaqəli qanunsuz fəaliyyətlərdə hallanıb. Görünən odur ki, Möctəba ali dini lider vəzifəsinin tələblərinə tam cavab vermir. 

Belə olan halda Möctəbanı ali lider postu üçün cəlbedici edən nədir?

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a bildirib ki, Möctəba Xamnei İranda formalaşmış hərbi-dini qüvvələr üçün ən uyğun namizəddir:

“Çünki o, sıradan şəxs deyil. Atası Əli Xamnei onillərdir ki, SEPAH üzərindən İranın daxili və xarici siyasətini yönləndirib. Əli Xamneyi ölmüş olsa belə, ordunun ona xüsusi bağlılığı var. Faktiki olaraq İranın idarəetmə mexanizmləri SEPAH-ın əlindədir. Ordunun Xamnei ailəsinə bağlılığını nəzərə alsaq, Möctəbanın ali lider seçilməsi təsadüfi deyil. SEPAH, Möctəbanı hakimiyyətə gətirməklə, siyasi elita daxilində pərakəndəliyin qarşısını almağa çalışır. Hazırda İranın daxili strukturunda və ordusunda casus şəbəkəsi çoxdur. Ona görə də tanınmış ailənin varisi olan, Möctəba ən etibarlı namizəd hesab olunur”. 

Politoloqun sözlərinə görə, İsrail ordusu atasını aradan götürdüyü kimi, Möctəbanın da arxasınca düşəcək:

“Lakin atasından fərqli olaraq, Möctəbanın vurulması daha gizli və koordinasiyadan kənar qruplar tərəfindən həyata keçirilə bilər. Çünki biz İran daxilində bəzi generalların İsrailə qaçdığına dair məlumatlar da əldə edirik. Lakin İran müharibə meydanında tək görünsə də belə deyil. Rəsmi Tehran kəşfiyyat məlumatlarının mübadiləsi və hərbi-texniki əməkdaşlıq çərçivəsində müttəfiqləri Çin və Rusiyanın hərbi resurslarından istifadə edir. Digər tərəfdən isə müharibənin uzanması ABŞ və İsrailin istədikləri məqsədlərə hələ nail ola bilmədiyini göstərir. ABŞ və İsrail Xamneinin ölümündən sonra xalqın ayağa qalxaraq onlara qucaq açacağını gözləyirdilər. Ölkə daxilindəki sabitlik, bu planları iflasa uğratdı. Çox güman ki, yaxın vaxtlarda tərəflər quru əməlliyyatlarına başlayacaqlar”.