İsrail kəşfiyyatı dünyada ən güclü kəşfiyyatlardan biridir. Xüsusən də terrora qarşı mübarizədə fərqlənir
İsrailin müdafiə nazirinin Bakıya səfəri təsadüfi sayıla bilməz
İsrailin müdafiə nazirinin Bakıya səfəri təsadüfi sayıla bilməz
Hər iki ölkənin İranla bağlı ciddi narahatlığı mövcuddur
İsrail kəşfiyyatı dünyada ən güclü kəşfiyyatlardan biridir. Xüsusən də terrora qarşı mübarizədə fərqlənir
Dünən Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan İsrail dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Söhbət zamanı dövlət başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münhendə keçirilən görüş xatırlanıb. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında da görüş keçirilib. Z.Həsənov ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb. Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub. Görüşdə Azərbaycanla İsrail arasında hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında xatırladıb ki, Yoav Qallantın Azərbaycana səfəri ərəfəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşını saxladığını açıqladı. Ələ keçən şəxsin ölkəmizdəki səfirliklərdən birinin binası ətrafında müşahidə apardığı, terakta hazırlaşdığı açıqlandı: "Belə bir ehtimal var ki, söhbət İsrail səfirliyindən gedir. Digər tərəfdən, Bakı antiterror əməliyyatlarına başlaya biləcəyini bəyan edir. Brüssel görüşü də Vaşinqton və Kişineu görüşləri kimi uğursuz olsa, Bakı daha separatçıları cəzalandıra bilər. Bu baxımdan, İsrailin müdafiə nazirinin Bakıya səfəri təsadüfi sayıla bilməz. Onu da nəzərə alaq ki, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq müstəvisinə qalxır. İsrail və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı üçün yetərincə əsaslar vardır. Çünki iqtisadi baxımdan hər iki ölkənin bir-birinə ehtiyacı var. İsrail Azərbaycan üçün mühüm bazar əhəmiyyəti daşıyır. İsrail də öz növbəsində enerji baxımından Azərbaycan neftinə ehtiyac duyur. İsrail güvənli tərəfdaşdır. Kənd təsərrüfatı sahəsində İsrailin texnoloji imkan və təcrübəsi Azərbaycan üçün əhəmiyyətlidir. Yəhudilərin dünyadakı maliyyə mənbələri üzərindəki rolu Bakıya Qarabağdakı layihələrin maliyyələşdirilməsində, önəmli layihələrin ölkəmizə yönləndirilməsində, aparıcı sərmayədarların bölgəyə gəlməsində əsaslı rol oynaya bilər".
A.Rəşidoğlu vurğulayıb ki, təhlükəsizlik məsələsində ölkəmizin İsraillə əməkdaşlıq etməsinin də xüsusi əhəmiyyəti var: "Bu da müdafiə sənayesi silahlarının alınmasında özünü göstərir. Hər iki ölkənin İranla bağlı ciddi narahatlığı mövcuddur. İsrail kəşfiyyatı dünyada ən güclü kəşfiyyatlardan biridir. Xüsusən də, terrora qarşı mübarizədə fərqlənir. Onların bu istiqamətdə təcrübəsindən faydalanmaq terrora və narkotik qaçaqmalçılığına qarşı mübarizədə Azərbaycan üçün faydalı ola bilər. Antiterror əməliyyatlarının keçirilməsində İsrail ordusunun təcrübəsi də ölkəmiz üçün əhəmiyyətli təcrübələrdən sayılır. İki ölkə arasında mədəni, təhsil sahəsində əməkdaşlıq da əlaqələrin inkişafı yolunda mühüm əhəmiyyətə malikdir. İsrail texnoloji sənaye və universitet əməkdaşlığı sahəsində də əhəmiyyətli uğurlara imza atmış ölkələrdəndir. Bu istiqamətdə də İsrail təcrübəsinin öyrənilməsi və tətbiqi ölkəmiz üçün faydalıdır. İsrail azərbaycanlı tələbələrin rahatlıqla təhsil alacağı məkanlardan biridir. Ölkələrimiz arasında tarixi əlaqələr var. Azərbaycanda yəhudi camiyəsi var ki, onların da böyük hissəsi İsraildə yaşayır. Azərbaycan və İsrail xalqları arasında ciddi mədəni yaxınlıq mövcuddur".
Ekspertin qənaətincə, erməni lobbisi ilə mübarizədə də İsrail lobbisinin imkanları Azərbaycan üçün geniş imkanlar açır: "ABŞ və Rusiya kimi ölkələr İsrail-Azərbaycan əlaqələrinin strateji xarakter kəsb etməsindən narahat olmayacaqlar. Azərbaycanla İsrail arasındakı münasibətlər Vaşinqtonla Bakı arasındakı münasibətlərin inkişafına təkan verən münasibətlərdir. ABŞ-İsrail münasibətlərinin mövcud vəziyyəti bu prosesə əngəl olmaq yox, kömək etmək məqsədi daşıyır. Bakının Təl-Əvivlə münasibətləri yaxşılaşanda, yəhudi lobbisi ABŞ-də Azərbaycanın milli maraqlarının qorunmasında daha aktiv iştirak edir. İsrail-Rusiya münasibətləri də gərgin deyil. Bu baxımdan, Bakının İsraillə münasibətlərinin strateji xarakter alması ölkəmizin Moskva ilə münasibətlərinə də əngəl törətmir. Amma Azərbaycan-İsrail münasibətlərinin inkişafı Bakının Tehranla əlaqələrinin gərginləşməsinə səbəb olur. Bunun da səbəbi İranın İsraili özünə düşmən hesab etməsindən qaynaqlanır. Hər bir dövlət hər hansı digər dövlətlə münasibət qurmaqda azaddır. Bakı İranın Ermənistanla münasibət qurmasına ağrılı yanaşmadığı kimi, Tehran da Azərbaycanın İsraillə münasibətlərinə dərin problem kimi yanaşmamalıdır. İranın bunu Azərbaycana yönəlik təhdid, basqı ilə etməyə çalışması qəbuledilməz və yolverilməzdir. Bakı öz maraqlarına uyğun addımlar atır. İsraillə əməkdaşlıq son dərəcə mühümdür".