- Duqlas Makqreqor türkləri dərin hərbi ənənəyə malik, döyüşkən, qətiyyətli və cəsur xalq kimi xarakterizə edib
ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor İsrailin Yaxın Şərqdəki təhlükə qiymətləndirməsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Sherg.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, Makqreqor İsrailin illərdir əsas diqqətini İrana yönəltdiyini, bununla da əsl hərbi təhlükəni gözdən qaçırdığını bildirib.
Onun fikrincə, İran regionun mühüm güclərindən biri olaraq qalacaq, lakin İsrail üçün əsas diqqət yetirilməli ölkə Türkiyədir.

“Təhlükəni yanlış yerdə axtarırsınız”
Makqreqor İsrailli rəsmilərə dəfələrlə bu mesajı çatdırmağa çalışdığını deyib:
“Təhdidi yanlış yerdə axtarırsınız. Varoluşsal təhlükəniz İran deyil. Onlar sizin düşmənləriniz deyil”.
Daha sonra Türkiyəyə diqqət çəkən istefada olan polkovnik “daha şimalda və şərqdə əsl probleminiz var və bunun adı türklərdir” deyib.
“Türklərlə müharibəyə girmək istəməzsiniz”
Makqreqor Türkiyə ordusu ilə əməkdaşlıq təcrübəsinin olduğunu və türk hərbçiləri haqqında yüksək fikirdə olduğunu bildirib.
O, türkləri dərin hərbi ənənəyə malik, döyüşkən, qətiyyətli və cəsur xalq kimi xarakterizə edib.
“Türklərlə işləmək imtiyazına sahib olmuşam. Hərbi baxımdan onlar haqqında çox müsbət fikirlərim var. Lakin Təl-Əvivə demək istəyirəm: Türklərlə müharibəyə girmək istəməzsiniz”,-Makqreqor bildirib.
Onun sözlərinə görə, Türkiyə hazırda müharibə axtarmır. Lakin Ankaranın müharibəyə hazır olmadığını düşünmək “çox ciddi səhv” olardı.
“Türkiyə İsraili işğal edə bilər”

Makqreqor İran və Türkiyənin İsrail üçün yaratdığı potensial təhlükə arasında ciddi fərq olduğunu iddia edib.
Onun fikrincə, İranla müəyyən məsələlərdə razılaşmaq daha asan ola bilər, Türkiyə isə təhrik ediləcəyi təqdirdə mübarizəni sonadək davam etdirə biləcək gücə malikdir.
İsraillə bağlı ən diqqətçəkən iddialarından birində isə Makqreqor belə deyib:
“İran İsraili işğal edə bilməz. Türklər isə edə bilər.”
F-35 iddiası
İstefada olan polkovnik ABŞ-Türkiyə münasibətlərinə və F-35 qırıcıları məsələsinə də toxunub.
Makqreqor ABŞ administrasiyasının İsrail ilə Türkiyə arasında mümkün qarşıdurmanın genişlənməsinin qarşısını almağa çalışdığını iddia edib. Onun sözlərinə görə, F-35 məsələsi də bu siyasətin bir hissəsi kimi istifadə olunur.
Makqreqorun iddiasına əsasən, “Türkləri İsraillə müharibədən uzaq tutmaq üçün F-35-ləri veririk.”