“Kitabımla bir neçə gənci intihara sövq etmiş oldum, sonra...” – Açıq söhbət
“...O gənclərlə görüşdüm, danışdım, dəstək olmağa çalışdım”
“Başa düşdüm ki, bundan sonra yazarkən daha ciddi düşünməliyəm"
“Filologiya fakültəsində oxuyan tələbələr tanıyıram ki, bədii ədəbiyyat oxumurlar”
“4 kitab müəllifi oxucu problem yaşayırsa, başını aşağı salıb sakitcə getməlidir”
“Polad Həşimov öz hekayəsini özü yaradan şəxsiyyətdir”
“Şərtlər və dövr elədir ki, bilmirsən pul qazanmaq haqqında düşünəsən, ya ciddi kitablar yazmaq haqqında”
"Sherg.az"ın budəfəki qonağı gənc yazar, "İndulgensiya", "Qogenin ikinci qadını", "Boşluqdan qaçış" və "Mən+Sən+O≠Biz" kitablarının müəllifi Nicat Həşimzadədir.
Yazarla söhbəti təqdim edirik:
-Sizi oxucularımıza yazıçı kimi təqdim etdik. Bəs sizə görə Nicat Həşimzadə kimdir?
-İnsan adətən özü haqqında danışanda səmimi ola bilmir. Əksər insan özü haqqında danışanda özünü tərifləyir. Qısaca olaraq belə deyə bilərəm ki, arzuladığı kitabı hələ yaza bilməyən, yazıçı olmaq istəyən adam.
-İlk qələm təcrübənizdən danışaq bir az. Necə oldu ki, yazmağa başladınız?
-Uşaq yaşlarımdan kitab oxumağa başlamışam. 7-8 yaşım olanda anam mənə nağıl kitabları alardı. Mən də həvəslə oxuyurdum. Sonra babamın kitabxanası ilə tanış oldum. Beləcə kitablara həvəsim daha da artdı. Bir gün düşündüm ki, mən də belə kitablar yaza bilərəm. Ən azından cəhd edib özümü sınamalıyam.
-Səhv etmirəmsə, dörd kitab müəllifisiniz. Kitablarınızı bəzi yazarlar kimi özünüzü baş qəhrəmanın yerinə qoyub yazmısız, məsələn əsərin qəhrəmanı aclıq çəkirsə, yazar da bir neçə müddət ac qalır ki, o hissləri başa düşüb qələmə alsın, yoxsa, özünüzə məxsus xüsusi yazı üslubunuz var?
-Adətən öz yaşadıqlarımı yazmağa üstünlük verirəm. “Boşluqdan qaçış” romanımda yazdığım hadisələr, dialoqlar demək olar ki, öz həyatımda olub. Ancaq təbii ki, yazıçı üçün təxəyyülün böyük əhəmiyyəti var. Hekayələrimdə həm öz yaşadıqlarım, həm də təxəyyül məhsulları var. Məncə, sənət əslində alt şüur hadisəsidir. Yazdığın zaman özün də dəqiq bilmirsən ki, bu hadisəni özün yaşamısan, ya uydurursan. Gerçəklə xəyal arasında sərhədlər itir yaradıcılıqda.
-Ədəbiyyat nümunələriniz layiqli qiymətini ala bilirmi? Oxucuların marağı varmı, sizi oxuyurlarmı?
-Hər kitabımı orta hesabla desəm, 1500-2000 oxucu oxuyur, əlbəttə, bu, 10 milyon əhali üçün çox mənfi göstəricidir. Kitaba münasibətdə biz Qafqazda ən mənfi göstəricilərə sahibik. Danışanda adamı ürək ağrısı tutur. Filologiya fakültəsində oxuyan tələbələr tanıyıram ki, bədii ədəbiyyat oxumurlar. Ancaq proqramda nəzərdə tutulan əsərlər haqqında yazılan şərhləri, resenziyaları oxuyurlar. İnsanların bilik və bacarıqlarının düzgün qiymətləndirildiyi cəmiyyət qura bilsək, bu problemlər həll olunacaq. 10 il əvvəlki vəziyyətlə müqayisədə bu gün vəziyyət daha yaxşıdır. 10 il sonra daha yaxşı olması üçün hamı çalışmalıdır. Sadəcə tənqid etməklə heç nə düzəlmir. Tənqid etməklə bərabər alternativ təkliflər düşünmək və onu həyata keçirmək lazımdır.
-Bir müddət yaza bilməyib yaradıcılığını dayandıranlar da olur...
-İnsan vərdişləri ilə düşünən varlıqdır. Son kitabımı yazanda özümə söz verdim ki, əgər bu kitab oxunmasa, cəmiyyət bu kitaba ehtiyac duymasa, daha kitab yazmayacam. Düşünürdüm ki, 4 kitab müəllifi oxucu problem yaşayırsa, başını aşağı salıb sakitcə getməlidir. Ancaq kitaba böyük marağın olduğunu gördüm, davam etməyə qərar verdim. Bəlkə də bu uğur olmasaydı belə, yazmadan dayana bilməyəcəkdim. Gərək insan heç zaman böyük danışma.
-Daha çox yumora üstünlük verirsiz. Kitablarınızda isə bunu görmək mümkün deyil. Həyatdakı Nicatla yazar Nicatın arasında bu qədər uçurum yaratmağınızın səbəbi nədir?
-Bir neçə hekayədə yumordan istifadə etmişəm. Amma haqlısız, hekayələr kitabım çap olunmadığı üçün oxucular hələ oxumayıb, siz də oxumamısınız təbii ki. Yazdığım zaman çalışıram daha məsuliyyətli olum. “İndulgensiya” kitabımda intihara müəyyən mənada haqq qazandırmışam. Ancaq orada söhbət Svayq kimi, Mikayıl Müşfiqin bacısı Böyükxanım kimi adamların intiharından söhbət gedirdi. O zaman fikirlərim yanlış anlaşıldı. Bir neçə gənci intihara sövq etmiş oldum. Sonra o gənclərlə görüşdüm, danışdım. Dəstək olmağa çalışdım. Amma başa düşdüm ki, bundan sonra yazarkən daha ciddi düşünməliyəm".
-Yazar olaraq bugünkü gənc nəslə özünüzün də oxuduğunuz və vacib bildiyiniz hansı əsərləri mütaliyə etməyi məsləhət görərdiniz?
-Məsləhət verməyi sevmirəm. Çünki fikirlər, maraqlar müxtəlifdir. Amma istərdim ki, gənclərimiz heç olmasa Qriqori Petrovun “Bəyaz zanbaqlar ölkəsində” kitabını oxusunlar və böyük məqsədlər naminə yaşasınlar. Böyük olmaqdan qorxmasınlar. Kiçik ölkələrin həmişə böyük problemləri olur. Bu səbəbə görə də biz böyük olmalıyıq. Hər bir vətəndaşımız böyük olmalı, oxumalı, çalışmalı, təkcə Azərbaycanda yox, bütün dünyada sözünü deməyi bacarmalıdır. İkinci Qarabağ Savaşı sübut etdi k, bizim xalqımız böyük xalqdır, yumruq kimi birdir, milliyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir amal – Qarabağ uğrunda birləşdilər.
-Bir çoxları deyir ki, şair, yazar olmaq əlacsızlıqdan tapılmış çarədir. Doğrudanmı insan mütləq müşkülə düşməlidir ki, şair və yaxud yazıçı olsun?
-Yəqin ki, maddi çətinlikləri nəzərdə tutursunuz? Dünyada imkanı yetərincə yüksək olan, ancaq kitab yazan, ədəbiyyat aşiqi olan adamlar var, əvvəllər də olub. Bizim ölkəmizdə yazıçı kitab satışından yüksək gəlir əldə edə bilmədiyi üçün belə fikirlər formalaşır. Təssüf ki, bizdə bəzi oxucular öz yazarımıza qeyri-ciddi yanaşır. Tanımadan, oxumadan, bilmədən ittiham edirlər. İnsanları ittiham etməyi sevmirəm. Zatən bizim cəmiyyətimizdə ittihamlar çoxdur. Məncə, ittiham yerinə insanlara dostluq, mədəni polemika təklif etmək, danışmaq, insanların biri-birilərini dinləməsini təmin etmək lazımdır. Öz səhvlərimizdən qaçmaqla, başqalarını ittiham etməklə, özümüzə haqq qazandırmağa çalışmaqla bu ölkəyə xidmət edə bilmərik".
-Deyəsən, şəhid general-mayor Polad Həşimov haqqında kitab yazırsınız...
-Polad Həşimov bizim hərbi hissə komandirimiz olub. Zabit kimi də, insan kimi də çox yüksək keyfiyyətlərə sahib idi. Hər bir vətəndaşımıza nümunə sayıram Polad Həşimovu. Kitaba gəlincə, burada mən sadəcə vasitəçiyəm. Polad Həşimov haqqında ən möhtəşəm kitabı xalq özü yazıb, yaradıb. Polad Həşimov öz hekayəsini özü yaradan şəxsiyyətdir. Mən də çalışıram ki, xalqa bu hekayəni yaratmaqda yardım edim.
- Məlumdur ki, millətimiz təndiqçi, tükü-tükdən seçəndir. Azərbaycan xalqı üçün kitab yazmaq, azərbaycanlı yazar olmaq məsuliyyət tələb edir. Bəs siz də tənqid, məlum "el qınağı"na tuş gəlmisinizmi?
-Tənqidlər olub, olması da normaldır. Bir kitab yazmısansa və hamı da bəyənirsə, demək ki, problemlər var və ya hamı tənqid edirsə, demək ki, problem var. Hamı məni başa düşməyə məcbur deyil. Məni oxumağa da borclu deyil. Heç kəs də məndən kitab yazmağı xahiş etməyib. Bu səbəblərə görə də heç kimi ittiham etmirəm".
-28 yaşınız var, hələ də oxumağı şəxsi həyatdan üstün tutursunuz…
-Müasir dövr o qədər qarışıqdır ki, şəxsi həyata zaman qalmır. Ümumiyyətlə, mənə elə gəlir ki, düşüncə adamının şəxsi həyatında həmişə problemlər olur. Şərtlər və dövr elədir ki, bilmirsən pul qazanmaq haqqında düşünəsən, ya ciddi kitablar yazmaq haqqında. Bizim yazıçılarımız ağır işlərdə çalışıb pul qazanırlar, gecə də yatmayıb kitab yazırlar, əlbəttə, belə olan halda insanda güc qalmır. Tanıdığım çox savadlı gənclər var ki, qapı-pəncərə sexində çalışır, zavodda fəhlə işləyir. Bu gənclərin qədrini bilmək lazımdır. Biz qədrini bilməyəndə xarici ölkələr bilir. Sonra da bu adamlardan küsürük ki, niyə öz ölkəsinə deyil, başqa ölkəyə xidmət edir. Bunları zamanında düşünmək lazımdır.
-Uşaqlığınıza qayıtsaydınız bir daha yazar olmaq istəyərdinizmi? Yoxsa yazar olacağınızı bilə-bilə yazmaqdan qaçardınız?
-Çətin sualdır, sözün düzü bilmirəm. Ancaq bu yolu seçdiyimə görə də peşman deyiləm. Bir həqiqət də var ki, hansısa yazıçının, şairin övladının ədəbiyyat yolunu seçməsinə sevindiyini görməmişəm, eşitməmişəm.
-Sonda, Nicat Həşimzadə 4 kitabının içindən sadəcə bir cümlə olaraq hansını deyərdi?
"Öz cümləmlə yox, Milan Kunderadan sevdiyim bir fikirlə müsahibəni bitirsək, məncə, yaxşı olar. “Şöhrət sənət adamının Axilles dabanıdır”".
Söhbətləşdi: Ağarza Elçinoğlu