"Azərbaycan hökuməti, o cümlədən ANAMA da bu məsələni diqqətə alır"
"Məlumdur ki, doğma yurd yerlərinə qayıdanların ilk ziyarət etdiyi mıkanlardan biri və bəlkə də birincisi qəbirstanlıqlardır"
“Azərbaycan öz ərazilərində tam suverenliyini təmin etdikdən sonra aparılan minatəmizləmə prosesində çox sayda xüsusi hazırlanmış tələ-gizli partlayıcı qurğularla rastlaşdıq. Ermənistan tərəfindən minaların ən çox basdırıldığı və minalandığı ərazilərdən biri də məhz qəbiristanlıqlar idi”.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin - ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı danışıb. O, bildirib ki, ərazilər azad olunduqdan sonra öz doğmalarının məzarlarını ziyarət etmək üçün gizlicə və ya tələsik həmin ərazilərə gedən dinc sakinlər bu minalara düşərək ya həyatlarını itirdilər, ya da ağır yaralandılar.
Tədqiqatçı jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüququ Yardım İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, S.Poladovun dediyi kimi, erməni separatçıları tərəfindən qəbirstanlıqlarda minalar basdırılıb, amma daha çox minalanmış ərazilər əsasən “Ohanyan səddi” deyilən “müdafiə xətti” boyunca idi:
- Niyə məhz bu ərazilərdə, çünki separatçılar Azərbaycan ordusunun hücum edəcəyini təxmin edirdi, bunu gözdən qaçırmır, hazırlıqlı olmaq istəyirdilər, ona görə də “müdafiə xətti” boyunca, yaxın ərazilərdə minalar basdırılırdı, guya ki müdafiə olunmaq məqsədilə. Qəbirstanlıqlarda da minalar basdırılıb. Çünki qəbirstanlıqlar döyüşlərdə mövqe tutmaq üçün uyğun yer sayılırdı, təbii sığınacaq kimi yararlanırdılar qəbir daşlarından. Qarabağı tərk edən ermənilər, separatçı dəstənin üzvləri qaçıb gedərkən qəbirstanlıqlar və başqa ərazilərdə də minalar basdırıblar. Ərazilərimiz işğaldan azad edildikdən sonra doöma yurdlarını ziyarət edən vətəndaşlarımızın məhz bu səbəbdən mina qurbanı oldular. Separatçılar bilirdi ki, doğma yurdlarına qayıdanlar qəbirstanlıqları ziyarət etməyə can atacaq, ona görə də qəbirstanlıqlara da minalar basdırırdılar.
A.Quliyev qeyd etdi ki, hazırda Qarabağdakı qəbirstanlıqların demək olar hamısı minalardan təmizlənib:
- Ağdam qəbirstanlığı minalardan tamamilə təmzilənib, heç bir təhlükə yoxdur. Düşünürəm, digər ərazilərdə, şəhər və qəsəbələrdə də kəşfiyyat işləri aparılıb, qəbirstanlıqlar minalardan təmizlənib. Azərbaycan hökuməti, o cümlədən ANAMA da bu məsələni diqqətə alır, məlumdur ki, doğma yurd yerlərinə qayıdanların ilk ziyarət etdiyi mıkanlardan biri və bəlkə də birincisi qəbirstanlıqlardır. Qayıdanlar ilk öncə doğmalarının qəbrlərini ziyarət edirlər. Vətəndaşlarımızı təhlükələrdən qorumaq üçün qəbirstanlıq ərazilərinin minalardan təmizlənməsi əsas işlərdən biri hesab olunub. Deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb.