Lukaşenko: Belarus-Çin hərbi əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib

Belarusla Çin arasında hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib.

APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Çinin müdafiə naziri Li Şanfu ilə görüşü zamanı deyib.

Lukaşenko Çinlə hərbi sahədə əməkdaşlığı çox əhəmiyyətli adlandırıb: “Bizim əməkdaşlığımız çox əhəmiyyətlidir və bu, heç bir halda üçüncü ölkələrə qarşı yönəlməyəcək, bizə lazım deyil. İlk növbədə dövlətlərimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməliyik”.

Belarus liderinin sözlərinə görə, hazırda dünya tamamilə qeyri-stabildir: “Dünyada çox təlatümlü hadisələr baş verir və biz güclü olmalıyıq, çünki gücə həmişə hörmət edilir”.

Lukaşenkonun sözlərinə görə, ölkəsi öz siyasi kursunda güclü iqtisadiyyata və diplomatiyaya əsaslanır.

Qeyd edək ki, Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, müdafiə naziri Li Şanfu Belarusla ikitərəfli hərbi əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün bu ölkədə üçgünlük səfərdədir.

Belarus və Çin arasında hərbi əməkdaşlıq iki ölkənin müdafiə nazirlikləri arasında 2010-cu ilin mayında bağlanmış saziş əsasında həyata keçirilir.