Ceyhun Bayramov Azərbaycanın siyasi prioritetlərini elan etdi
"Ağdam Qarabağın bir çox yerləri kimi ən çox dağıntılara məruz qalmış şəhərdir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov "Ağdamın dirçəlişi" adlı tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, 30 ilə yaxın işğal altında qalan zaman bizim mədəni, tarixi, dini abidələrimiz dağıdılıb, yerlə-yeksan edilib:
"Təbii sərvətlərimiz, dövlət və mülkiyyət dağıdılıb və talan edilib. 27 illik işğala baxmayaraq, dağıntılara nəzər salarkən, işlərin miqyasını görəndə aydın olur ki, bu, Ermənistan tərəfindən aparılan məqsədyönlü siyasət olub. Düşmənin məqsədi tarixi köklərimizi bizə unutdurmaq və işğalla barışdırmaq olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Torpaqlarımızı azad edərək bütün dünyaya dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın birliyini nümayiş etdirdik. Bu gün azad edilən ərazilərdə atılan hər addım, aparılan hər bir inşa, keçirilən hər yerli və beynəlxalq tədbir böyük qürur və iftixar mənbəyidir".
Ceyhun Bayramov qeyd edib ki, günahkarların ifşa edilməsi istiqamətində işlərimiz davam etməlidir:
"Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə Azərbaycan diplomatiyasının qarşısındakı əsas məqsədlərindən biri də ölkəmizə qarşı olan aqresiya, işğal siyasəti, etnik təmziləmə siyasətini beynəlxalq təşkilatların, dünya dövlətlərinin qarşısında israrlı şəkildə qaldırmaq olub". Nazir qeyd edib ki, bütün bunların beynəlxalq qurumların, təşkilatların, dünya dövlətlərinin gündəliyindən çıxarılmasına imkan verməyək, onun hüquqi təməlini və bazasını gücləndirək və genişləndirək:
"Bu günün yeni reallıqları mövcuddur. Qarabağımızın dirçəlməsi istiqamətində aparılan işlər üçün dost dövlətlərin aparıcı şirkətlərinin cəlb edilməsi, dünyada mövcud olan ən müasir texnologiyalar barədə məlumatların əldə edilməsi, ölkəmizdə olan həmkar qurumlara ötürülməsi də əsas işlərdəndir. Ən böyük və ciddi problem olan mina təhlükəsi sahəsində bu mövzunun beynəlxalq qurumların, təşkilatların gündəliyində saxlanılmasında, günahkarların ifşa edilməsində, ölkəmizə yardımların artırılması istiqamətində işlərimiz davam etməlidir".
XİN başçısı əlavə edib ki, Ermənistan bu günə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min vətəndaşımız barədə məlumatı bölüşməyib. Nazir qeyd edib ki, yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra kütləvi məzarlıqların tapılması bir daha cinayətlərin təsdiqidir:
"Bununla paralel olaraq qarşımızda duran siyasət prioritetlərimiz siyahısında dinamik inkişaf edən dünyada, kifayət qədər mürəkkəb beynəlxalq konyunktura zamanında ölkəmiz üçün gələcəkdə potensial ola biləcək riskləri və təhdidləri görmək onların qarşısını almaq və qabaqlamaqdır. Ölkəmizi və xalqımızı təhdidlərdən qorumaqdır. Bu, qarşımızda duran ən mühüm və ümdə məsələdir".