Millət vəkili: Qərbi Azərbaycan İcması xeyli uğurlar əldə edib

İcmada mərkəzi strukturlardan başlamış şəhər və rayon təşkilatlarına qədər daxili təşkilatlanma prosesi başa çatıb
  Qərbi Azərbaycan İcmasının 6 aylıq hesabatı dinlənilib. Qərbi Azərbaycan İcmasının 2023-cü ilin birinci yarısına dair fəaliyyəti ilə bağlı məlumat verən İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə qurumun yaradılması tarixi barədə danışıb. 
Bildirilib ki, ötən il avqustun 3-də Qərbi Azərbaycan İcması olaraq yenidən təşkilatlandırılan İcmanın 6 aylıq fəaliyyətində ən parlaq səhifə Prezident İlham Əliyevin İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü olub. Dövlət başçısı bu görüşdə Qərbi azərbaycanlıları daha da ruhlandıran çıxışı zamanı həm də İcmanın əsas sənədi olan Qayıdış Konsepsiyasının hazırlanmasına dair fikirlərini səsləndirib. Bu istiqamətdə dərhal hazırlıqlara başlanılıb və ictimaiyyətin də geniş iştirakı ilə hazırlanan Konsepsiya bu il yanvarın 26-da qəbul edilib. Sonra İcmanın ölkə daxilində və beynəlxalq istiqamətdə fəaliyyətinə dair geniş təqdimat olub, keçirilən iclaslara, mühüm tədbirlərə toxunulub. Qeyd edilib ki, İcmanın tərkibində Elm komissiyasının yaradılması, bölgələrdə nümayəndəliklərin fəaliyyətə başlaması, rayon və kənd icmalarının toplantılarının keçirilməsi təşkilatlanma prosesində mühüm rol oynayır. Xarici əlaqələrə toxunan Ə.Ələkbərli Qayıdış Konsepsiyamız da daxil olmaqla, İcmanın BMT-də 4 sənədinin bu təşkilatın rəsmi sənədi kimi yayıldığını vurğulayıb. Nüfuzlu beynəlxalq təşkilatlara edilən müraciətlər, onlardan geri alınan cavablar barədə danışıb. Berlində İcmanın rəhbər heyəti ilə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın görüşündən bəhs edib. Bildirilib ki, İcmanın beynəlxalq istiqamətdə fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. Əziz Ələkbərli İcmanın həm daxili, həm də xarici istiqamətdə intensiv fəaliyyətini davam etdirəcəyini vurğulayıb. 
  Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, icma yanvarın 26-da qəbul edilmiş Qayıdış Konsepsiyasına uyğun olaraq bir sıra istiqamətlər üzrə xeyli uğurlar əldə edib.
 Parlament üzvü vurğulayıb ki, Konsepsiya Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər əsasında yaradılıb: "Qayıdış Konsepsiyası Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün özündə mühüm məqsədləri ehtiva edir. Bu məqsədlərin hamısı tarixi və hüquqi baxımdan əsaslandırılmış və realizə edilmə imkanları olan fəaliyyət istiqamətləridir. Qərbi Azərbaycan İcması fəaliyyətinin əsas hissəsini məhz bu istiqamətdə qurub. Hesabatdan məlum oldu ki, Qərbi Azərbaycan İcması BMT, UNESCO, Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əlaqə qurmağı bacarıb. Qarşılıqlı dialoq şəklində, sənəd mübadiləsi formasında, dünyanın nüfuzlu təşkilatları qarşısında belə bir problemin olduğunu ortaya qoyub bilib. Eyni zamanda İcmanın öz tarixi torpaqlarımıza qayıdışı ilə bağlı irəli sürdüyü konseptual fikirlər BMT sənədi kimi qəbul olunub. Bütün bunlar əldə edilən ilkin uğurlardır".
  H.Babaoğlunun sözlərinə görə, ikinci əsas istiqamət təşkilatlanma ilə bağlıdır: "İcmada mərkəzi strukturlardan başlamış şəhər və rayon təşkilatlarına qədər daxili təşkilatlanma prosesi başa çatıb. Hazırda isə kəndlərdə strukturlaşma işləri həyata keçirilir. Qısa müddətdə hər iki istiqamətdə görülən işlər dünyanın siyasi institutlarının, humanitar qurumların, hüquqi təşkilatlarının diqqətinin bu məsələyə cəlb edilməsinə səbəb olub. Bu, çox mühüm nailiyyətdir. Şübhəsiz, bundan sonrakı mərhələ daha məsuliyyətlidir və ona görə daha çox əmək sərf etmək lazım gələcək. Öz torpaqlarından didərgin düşmüş, soyqırıma məruz qalmış, etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş Qərbi azərbaycanlılar tarixi torpaqlarına geri dönənədək mübarizəmizi davam etdirməliyik. Daha çox işləməklə İcmanın fəaliyyətini daha səmərəli etmək mümkündür. Qərbi Azərbaycan İcmasının fəaliyyətinin dəstəklənməsi, himayə edilməsi, səsimizin dünyaya çatdırılması daim dövlətimizin, müvafiq qurumların diqqət mərkəzindədir. İcma bu fəaliyyətdə öz dövlətini, Prezidentini arxasında hiss edir. Bu da məqsədlərimizi daha əlçatan səviyyəyə gətirir".