Millət vəkilindən TƏKLİF: Yeni Müstəqillik Günü təsis olunsun!

  Milli Məclisin dünənki iclasında deputatlar bir sıra təkliflər səsləndiriblər. Millət vəkili Zahid Oruc yeni Müstəqillik Günü təsis olunmasını təklif edib.
  “1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi”. Z.Oruc deyib ki, Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni Müstəqillik Günü bəxş edib: “Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirilməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar? 30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar. Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir”.
"Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir"
  Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da, sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək: “Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur. Gəlin, unutmayaq: Qarabağ 30 il bizi birləşdirən milli ideal idi, indi onu itirilmiş sayan dünya erməniçiliyi Xankəndini səfərbərlik simvoluna çevirir. Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir”.
Parklanma qiymətlərinə yenidən baxılması təklif olunub
  Deputat Naqif Həmzəyev isə parklanma qiymətlərinə yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanda, xüsusilə də paytaxtda ən ağır problemlərdən biri tıxacdır: "AzParking" MMC əlçatan xidmət təklif edib, ancaq bu xidmət hələ də vətəndaşları qane etmir". Parlament üzvü qeyd edib ki, əvvəllər sürücünün parklanmaya 1-2 manat xərci çıxırdısa, indi 5-6 manat xərci çıxır: “Uzun müddət parklanma edən vətəndaşlara güzəşt nəzərdə tutulsun. İkinci problem odur ki, vətəndaşlar pul ödəməmək üçün binaların həyətində maşın saxlayır. Binaların həyətində heç öz sakinlərinin maşınlarına yer yoxdur”.
  N.Həmzəyev həmçinin ölkəyə elektromobillərin gətirilməsinin yaxşı hal olduğunu xatırladıb: “Amma həmin avtomobillərin doldurulması üçün məntəqələrin tikintisində problemlər var. Sahibkarlara da bu məntəqələrin tikilməsinə şərait yaradılmır”. Deputat həmçinin taksilərdə olan problemlərlə bağlı aidiyyəti qurumlarla dinləmələrin keçirilməsini də təklif edib.