Molla rejimində ziddiyyət  - Ukrayna mövzusunda tərəfsiz qalmalıdırlar 

İran rəhbərliyi arasında Ukraynadakı müharibə üçün Rusiyaya kamikadze dronların tədarükü ilə bağlı mübahisə yaranıb.

Bunu Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın heç bir fərq qoymadan Ukrayna şəhərlərinə hücumu Tehran rejimində daxili çəkişmələrə səbəb olub.

Britaniya kəşfiyyatının fikirlərini  "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan qeyd edib ki, bu, İranda hakimiyyət daxilində Qərbə və Ukraynadakı müharibəyə, həm də ölkədə baş verənlərə münasibətin nəticəsidir:
  
"Ukraynadakı hadisələrə münasibət birmənalı deyil. Bəziləri deyir ki, İran Ukraynadakı müharibədə tərəfsiz qalmalıdır. Eləcə də   
İranda hicaba, etiraz aksiyalarının yatırılmasına münasibət də birmənalı səciyyələnmir. Bir qrup iddia edir ki, hicab taxılması könüllü olmalıdır. Bunu etirazlarla cəmiyyətə qəbul etdirmək mümkünsüzdür. Son vaxtlar Tehran rejiminin ayrı-ayrı təmsilçiləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı müxtəlif mesajlar verirlər. Rusiyaya birbaşa PUA-ları ötürməmək üçün Belarus ilə İran arasında "Şahed" dronlarının istehsalı ilə bağlı memorandum imzalanıb. Bu, onu göstərir ki, molla rejimində Rusiyaya Ukraynadakı müharibə ilə bağlı yardım etmək istəməyənlər artır. Ehtimal etmək olar ki, hakimiyyət daxilindəki bu qüvvələr Qərbdən müxtəlif istiqamətlərdə dəstək istəyirlər. Britaniya kəşfiyyatının bu fikri İranda rejim daxili ziddiyyətlərin kəskinləşməsindən də xəbər verir. Çünki tətbiq olunan sanksiya ölkənin idarə olunmasında bir çox problemlər yaradır. Günü-gündən sosial problemlərlə bağlı etiraz çıxışları bunu təsdiq edir. Çıxış yollarından ən əsası isə sanksiyaların azaldılması və Ukrayna məsələsində tərəfsiz mövqe nümayiş etdirməkdən keçir".

Şahanə Tağızadə