Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH

  • Proseslər müharibənin yox, döyüşün durduğunu göstərir
  • Təl-Əviv bu dəfə də Trampın təşəbbüslərinin nəticəsiz qalmasına səbəb olacaq

ABŞ və İran arasında iyunun 18-də anlaşma memorandumunun imzalanmasına baxmayaraq, diplomatik prosesin ləng fəaliyyəti toqquşma riskini aktiv saxlayır. Sazişə daxil olan bəndlərin müzakirəsi məqsədilə iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.



Amerikanın "Axios" portalı vitse-prezident Cey Di Vensin görüşü ərtələməsinə əsas səbəb kimi İranın Livan məsələsindəki mövqeyini göstərib. Çünki İran danışıqlara başlamaq üçün ilkin şərt olaraq İsrailin Livana endirdiyi zərbələrin dayandırılmasını tələb edib. Bir çox rəsmi dairələr, İsrailin razılaşmadan kənarda qalmasını regional atəşkəsin dayanıqlılığı üçün təhdid kimi qiymətləndirir. Hətta Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, İsrailin Livana yeni zərbələri, İran- asanlıqla ABŞ razılaşmasını poza bilər. Medvedevin sözlərinə görə, imzalanan razılaşma İsrailin molla rejimini məhv etmək planlarını alt-üst etdi. O, bildirib ki, məhz buna görə Trampı dinləməyib, qisas almağa çalışacaqlar.

Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, ABŞ ilə İran arasında imzalanan razılaşmanın öhdəlikləri sirr pərdəsinin araxasında gizlənib:

“Bütün hallarda İsrail bu razılaşmanı pozacaq. Çünki müharibə əslində İsrailin müharibəsi idi. Hücumları İsrail başlatsa da, ABŞ bitirdi. Odur ki, həll olunmamış məsələlər qalmaqdadır. Əgər razılaşmanın arxasında gizli plan yoxdursa, bu, İranın xeyrinədir. Lakin hələlik vəziyyətdən çıxıb, daha sonra məkrli planları işə salmağı hədəfləyiblərsə, o zaman təbii ki, ABŞ-nin leyhinə işləyəcək. İsveçrədə planlaşdırılan görüşün təxirə düşməsində də İsrailin və yəhudi lobbisinin rolu var”.

Politoloqun sözlərinə görə, İsrail bu razılaşmaya qəti şəkildə razı deyil:

“Netanyahu razılaşmadan sonra Livana qarşı hücumları dayandırmayacağını açıqladı. Mövcud vəziyyətdə ya gərək İsrail ABŞ ilə üz-üzə gələ, ya da Vaşinqton məcbur olub, İsrailin nazı ilə oynaya. Tərəflərin yekun sülh müqaviləsi imzalaması da mümkündür. Amma bu sənəd tamamilə formal xarakter daşıyacaq. Proseslər müharibənin yox, döyüşün durduğunu göstərir. Türkiyə və Pakistanın təsiri ilə ABŞ sənədi imzalasa da özü də bilir ki, razılaşma onun istədiyi bəndləri əhatə etmir”. 

T.İrfan qeyd edib ki, İsrail nəinki Livanı, hətta Yəməni də vuracaq:

“Çünki orada da özünə təhdid hesab etdiyi qruplaşmalar (Husilər) var. Müharibənin dayanması İsrailin yaxın və uzaq planlarını pozur. Təl-Əvivə gündəlik davam edən müharibə lazımdır. Əsas məqsəd, Yaxın Şərqi tamamilə istila edib "vəd edilmiş torpaqlar"da "Böyük İsrail" qurmaq və Əqsa məscidini dağıdaraq, yerində Süleyman məbədi tikməkdir. Onlar Nil çayından Fərata qədər bütün əraziləri ələ keçirməyi hədəfləyib. Yəni, İsrailin hərbi-siyasi məqsədlərindən daşınmayacağı təqdirdə, Yaxın Şərqdə müharibə əsla dayanmayacaq. Təl-Əviv bu dəfə də Trampın təşəbbüslərinin nəticəsiz qalmasına səbəb olacaq”.