İranın yeni dini lideri Müctəba Xameneinin ABŞ və İsrail hücumlarının başladığı gün ayaqlarından yaralandığı iddia olunur. İranlı və israilli rəsmilərin bildirdiyinə görə, o hazırda təhlükəsizlik səbəbilə gizli yerdə saxlanılır və əlaqələri məhdudlaşdırılıb.
Sherg.az xəbər verir ki, 56 yaşlı Müctəba Xamenei atasının – İranın uzun illər dini lideri olmuş Ayətullah Əli Xameneinin İsrailin 28 fevralda Tehranda liderlik iqamətgahına endirdiyi hava zərbəsi nəticəsində öldürülməsindən sonra yeni lider elan edilib. Həmin hücumda onun ailə üzvləri və bəzi yüksək rütbəli iranlı rəsmilər də həyatını itirib.
İsrail kəşfiyyatının məlumatına görə, Müctəba Xamenei hücumun ilk günü ayaqlarından yaralanıb. Lakin yaralanmanın necə baş verdiyi və nə dərəcədə ciddi olduğu barədə dəqiq məlumat verilmir.
İran dövlət mediası isə yeni lideri “yaralı müharibə qazisi” kimi təqdim edib. Xamenei uzun illər İran siyasətində pərdəarxası təsirli fiqur kimi tanınır və onun İran İnqilab Keşikçiləri ilə yaxın əlaqələrinin olduğu bildirilir.