NATO israrlıdır: Kiyevə hərbi dəstək güclənəcək

"Rusiya Ukraynada qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir"


  Dünən Litvanın paytaxtı Vilnüs şəhərində NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəliblər. Sammitdə İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər müzakirə olunub. Sammitdə Ukraynaya gələcək dəstək barədə qərarlar qəbul edilib, Kiyevə əlavə hərbi dəstək göstərmək öhdəliyi götürülüb. 

"Cozef Bayden NATO-nun Baş katibini tərifləyib"

  ABŞ Prezidenti Cozef Bayden NATO-nun Baş katibi Yens Stoltenberqi tərifləyib. O, Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Y.Stoltenberqlə görüşüb. ABŞ liderinin sözlərinə görə, nə qədər ki, Y.Stoltenberq Alyansın rəhbəridir, Rusiya NATO-ya qalib gələ bilməz. 
  Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.


"Putin böyük strateji səhv etdi"

  NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin ciddi strateji səhvi idi. O bildirib ki, Rusiya Ukraynanın hərbi qüvvələrini düzgün qiymətləndirmədi: “Putin NATO-nun genişlənməsini istəmirdi. Bu məqsədlə müharibəyə başladı. Amma Finlandiya Alyansa daxil oldu. İsveç də bu yolda irəliləyir. Beləliklə, Putin böyük strateji səhv etdi”. Baş katibin sözlərinə görə, üzvlük çox tez baş verib: “Tarixdə ilk dəfədir ki, ölkələr bu qədər tez NATO-ya üzv olurlar. Bu, NATO daxilindəki həmrəyliyi göstərir”.
  Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

“Rusiyanın Belarusdakı hərəkətlərini diqqətlə izləyirik”

  NATO Baş katibi bildirib ki, Rusiyanın Belarusdakı hərəkətlərini diqqətlə izləyirlər: "NATO Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi, o cümlədən “Vaqner” xüsusi hərbi şirkətinin Belarus ərazisində olması ilə bağlı bəyanatlara şübhə ilə yanaşır. Belarusa nüvə başlıqlarının yerləşdirilməsinə dair hələ ki, əlamət görmürük. Lakin biz ayıq-sayıq olmalıyıq”. Stoltenberq onu da bildirib ki, Rusiya Belarusa heç bir silahlı qüvvə köçürməyib. 

"Ukraynanın əks-hücum əməliyyatlarında ciddi problemlər var, dəstək artırılmalıdır"

  Stoltenberq deyib ki, Ukraynanın əks-hücum əməliyyatlarında ciddi problemlər var, dəstək artırılmalıdır. O qeyd edib ki, mövcud çətinliklər aradan qaldırılmalıdır: “Odur ki, biz Kiyevə hərbi dəstəyi gücləndirməliyik”. Qeyd edək ki, Ukrayna bu il iyunun əvvəlində əks-hücum əməliyyatlarına başlayıb.

  NATO rəhbəri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gəlsə, bu, təkcə Ukrayna deyil, bütün dünya üçün pis olacaq. Onun sözlərinə görə, Rusiya qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir: “Dünya daha təhlükəli olacaq. Ona görə də biz Ukraynanı güclü şəkildə dəstəkləyirik”. Stoltenberq, həmçinin qeyd edib ki, əslində, müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb.

“Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mühüm qərarlar qəbul edəcəklər”

  Baş katib bəyan edib ki, müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mühüm qərarlar qəbul edəcəklər. Onun sözlərinə görə, Ukrayna NATO standartlarına yiyələnmək istiqamətində mühüm irəliləyiş əldə edib: “Kiyev artıq bunu sübut edib”. 

"Ukraynanın silah-sursatı tükənir"

  Y.Stoltenberq deyib ki,Ukraynanın silah-sursatı tükənir. Onun sözlərinə görə, Alyansın Kiyevə dəstəyi davam etməlidir: "Ukraynaya hərbi yardım asan məsələ deyil. Kiyevə hansı silahların göndərilməsinə ölkələr özləri qərar verməlidir. Məsələn, bəzi müttəfiqlərimiz kaset bombaları ilə bağlı Konvensiyanı imzalayıb, bəziləri isə yox. Müttəfiqlərin Konvensiya ilə bağlı öz mövqeyi var”.

"Türkiyə ilə İsveç arasında əməkdaşlıq üzvlükdən sonra da davam edəcək"

  Yens Stoltenberq bildirib ki, Türkiyə ilə İsveç arasında əməkdaşlıq üzvlükdən sonra da davam edəcək: "Türkiyə ilə İsveçin son bir ildə terrorla mübarizədə əməkdaşlığı artıb və İsveç üzv olduqdan sonra əməkdaşlıq davam edəcək. İsveçin tamhüquqlu üzvlüyünə yol hazırladıq. Türkiyəyə İsveçin qoşulma protokolunu ratifikasiyasına konstruktiv yanaşmalarına görə təşəkkürümü bildirirəm". NATO baş katibi Sammitin digər mühüm məsələlərindən birinin də Ukraynanın üzvlük məsələsi olduğunu vurğulayıb: "Ukraynaya çoxillik dəstək paketi təklif etmişik. NATO, Ukrayna Şurasını quraraq siyasi əlaqələri gücləndirəcək. Siyasi tələblərlə yanaşı, hərbi mövzuları da ehtiva edən fəaliyyət planını hazırlamışıq. Bu qeyd olunanlar Ukraynanın üzvlüyünü sürətləndirir".

"Ukraynanı NATO-ya üzv etməyə hazırlıq yoxdur"

  Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna hörməti haqq edir: "Ukraynanın üzvlüyü üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş haldır və absurddur. Eyni zamanda hətta Ukraynanı dəvət etmək üçün "şərtlər" haqqında qeyri-müəyyən ifadələr var. Görünür, Ukraynanı Alyansa üzv etməyə hazırlıq olmayıb. Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət pəncərəsi qalır. Rusiyaya isə bu terrorunu davam etdirmək üçün motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir". 

Ərdoğan Sunakla görüşüb, Taxıl Sazişini müzakirə edib

  Britaniya Baş naziri Rişi Sunak dünən Vilnüsdə NATO Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Baş nazir Türkiyənin İsveçin NATO-ya üzvlüyünə verdiyi dəstəyi alqışlayıb və Prezident Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib. Liderlər artan ticarət əlaqələri və güclü müdafiə və təhlükəsizlik əməkdaşlığına əsaslanaraq, Böyük Britaniya-Türkiyə münasibətlərinin tam potensialına çatmasını təmin etmək üçün birgə öhdəliklərini təsdiqləyiblər. Bundan əlavə, görüşdə ikitərəfli əməkdaşlığı gücləndirmək imkanları, o cümlədən qabaqcıl müdafiə texnologiyaları və qeyri-qanuni miqrasiyanın ortaq probleminin həlli müzakirə edilib. Liderlər həmçinin kəşfiyyat məlumatlarının mübadiləsini və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Prezident Ərdoğan Baş nazirə Prezident Zelenskinin Türkiyəyə son səfəri haqqında məlumat verib və liderlər Qara dəniz taxıl sazişinin uzadılmasını təmin etməyin vacibliyi barədə razılığa gəliblər.