Samet Zenginoğlu: "Hadisələrə hansı prizmadan baxılırsa baxılsın, Rusiya-Ukrayna böhranı fonunda bölgədə gərginlik artacaq"
Rumıniyada yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi regionda geosiyasi gərginliyi yeni mərhələyə daşıdı. NATO-nun hadisə ilə bağlı fövqəladə iclas keçirmək qərarı məsələnin artıq alyans səviyyəsində təhlükəsizlik problemi kimi qiymətləndirildiyini göstərir.
Hadisənin NATO və Avropa Birliyi üzvü olan Rumıniyada baş verməsi diqqət çəkir.
Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a Rumıniyaya qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumunun bir anda regionun və qlobal siyasətin gələcəyinə təsir göstərəcək yeni konsept ortaya çıxardığını söyləyib:
"Hücumda Rusiyaya dair əlamətlər açıq şəkildə görünür. Lakin Rusiyadan hələlik rəsmi açıqlamanın verilməməsi səbəbilə saxta bayraq müzakirələri də gündəmdə öz yerini qoruyur.
Bu hücumun Rumıniyada baş verməsi iki aspektdən qiymətləndirilməlidir.
Birincisi, Rumıniya Avropa Birliyinə üzv ölkədir. İkincisi isə NATO üzvü olan dövlətdir. Buna görə də belə bir toplantı çağırışı mühüm əhəmiyyət kəsb edir.
Başqa bir aspektdən baxıldıqda, eyni həftə ərzində Almaniyanın keçmiş kansleri Angela Merkelin Rusiya-Ukrayna böhranının ən azı on il daha davam edəcəyinə dair açıqlaması da diqqət çəkir".
Analitik regionda vəziyyətin daha da gərginləşəcəyəini vurğulayıb:
"Mövcud vəziyyətdə ortaya çıxan sual budur: Bu hücum Qərb mərkəzinə verilən mesajdır, yoxsa “səhvlik” üzərindən formalaşdırılacaq plan?
Şübhəsiz ki, bu suala veriləcək dəqiq cavab Rusiyadan gələcək açıqlamalarla bağlıdır. Lakin hadisələrə hansı prizmadan baxılırsa baxılsın, Rusiya-Ukrayna böhranı fonunda bölgədə gərginlik artacaq".