NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur

  • Professor Ainur Nogayeva: “Türkiyənin yüksəlişi türk dövlətləri üçün yeni imkanlar dövrü açır”

Türkiyədə keçirilən NATO Sammiti həm regional, həm də qlobal təhlükəsizlik gündəliyinin əsas müzakirə mövzularından biridir. Sammit çərçivəsində alyansın gələcək strategiyası, üzv dövlətlər arasında əməkdaşlıq, eləcə də Türkiyənin NATO daxilindəki rolu ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir. Sammitin nəticələri Türkiyənin beynəlxalq mövqeyi və türk dünyası baxımından da müəyyən əhəmiyyət kəsb edir.

Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ainur Nogayeva Sherg.az-a Türkiyədə keçirilən NATO Sammitinin Ankaranın artıq alyansın periferik müttəfiqi deyil, onun əsas oyunçularından biri olduğunu göstərir: 

"Türkiyə üçün bu, ABŞ ilə münasibətlərdə mövcud olan bəzi məhdudiyyətləri aradan qaldırmaq və müdafiə sektorunu gücləndirmək imkanıdır. Türkiyənin inteqrasiyanın əsas lokomotivlərindən biri olduğu türk dünyası üçün isə bu, beynəlxalq nüfuzun artmasıdır. Həmçinin Orta Dəhlizin inkişafı və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi deməkdir. Mahiyyət etibarilə, Türkiyə Qərb, Rusiya və Asiya arasında müstəqil güc mərkəzi rolunu möhkəmləndirir".

Professor vurğulayıb ki, bu, xüsusilə türk dövlətlərinin qalan hissəsi üçün vacibdir:

"Türk dövlətlərinin bir qismi eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi hərbi-siyasi birliklərin üzvüdür. Ankaranın beynəlxalq mövqelərinin güclənməsi onları geosiyasi seçim qarşısında qoymur, əksinə, çoxşaxəli siyasət üçün imkanları genişləndirir. Bu isə mövcud müttəfiqlik öhdəliklərindən imtina etmədən türk inteqrasiyası çərçivəsində iqtisadi, nəqliyyat və humanitar əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır".