“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik

Burak Aydın: “İran demək istəyir ki, bu müharibədə masaya yumruq vuran güc mənəm”

Regionda artan gərginlik fonunda Naxçıvan istiqamətində baş verən son hadisələr müzakirələrin mərkəzinə çevrilib. Martın 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumlarının həyata keçirildiyi bildirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verilib. Hadisə regionda təhlükəsizlik məsələləri və mümkün geosiyasi mesajlar barədə müxtəlif şərhlərə səbəb olub. 

Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a hücumun Azərbaycan və Türkiyəyə xəbərdarlıq xarakteri daşıdığını deyib: 

"Belə bir hücum dünən Türkiyənin Hatay sərhədində baş verdi. NATO müttəfiqlərimiz sayəsində biz o hücumu dəf edə bildik. Türkiyə belə bir "od həlqəsi"nin içinə daxil olmadı. Amma bu gün təəssüf ki, Azərbaycanda oxşar vəziyyət olmadığı üçün Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvanda yerləşən Şəkərabad bölgəsinin vurulduğu xəb

ərlərini oxuyuruq. Bu, çox məyusedici vəziyyətdir. Bunun altında bir neçə səbəb yatır. Əsas səbəb isə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin bölgədə hakim güc və söz sahibi olan iki mühüm müttəfiq olmalarını sübut etməkləridir. Bu müttəfiqlik hər iki qütbdə də heç kimin xoşuna gəlmir". 

Burak Aydın İranın bu hücumla mesaj verdiyini söyləyib: 

"Azərbaycan və Türkiyəyə verilən mesajın məğzi budur: “Baxın, Yaxın Şərqdə bu müharibəni biz idarə edirik. Masaya yumruq vuran güclər bizik. Siz qətiyyən qəhrəmanlıq etməyə çalışmayın”.

Türkiyə NATO müttəfiqidir və daxil olduğu bloklar səbəbilə hazırda Amerika ilə də yaxın münasibətləri var. Biz İrandakı hücumları da qınadıq.

Lakin Türkiyə bir tərəfə, amma Azərbaycana belə bir hücumu gözləmirdim. Bu mənim üçün də sürpriz oldu". 

Siyasi yazar niyə məhz Naxçıvanın vurulduğuna da münasibət bildirib: 

"Naxçıvanın vurulmuş olmasından ortaya mütləq bir məna çıxır. Naxçıvan həm hazırda inşa edilən Zəngəzur dəhlizinin başlanğıc nöqtəsidir, həm də Türkiyənin türk dünyasına açılan qapısıdır. Çox mühüm bir bölgəni vurdular. İran demək istəyir ki, "bu müharibədə masaya yumruq vuran güc mənəm. Azərbaycan və Türkiyə qətiyyən 2-ci Qarabağ müharibəsindəki kimi qəhrəmanlıq etməyə çalışmasın. “Türklər birləşir, türklər mütləq gücdür” kimi bir çıxış etməyə çalışmayın"".