Nazir müavini: "Tarif Şurası dərman vasitələrinin qiymətinə yenidən baxır"
Dünən Milli Məclisdə “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub. İclasda iştirak edən Səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanların ölkəyə necə gətirildiyinə aydınlıq gətirib. O bildirib ki, bu, bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır. R.İsmayılov qeyd edib ki, onların hər hansı xəstəliyin müalicəsində təsiri bəzi hallarda azdır, bəzi hallarda isə ümumiyyətlə təsir etmir: “Bu da vətəndaşda fikir yaradır ki, dərmanlar keyfiyyətsizdir. İkincisi, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.
Spiker Sahibə Qafarova nazir müavininin bəzi hallarda şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılması ilə bağlı çıxışına toxunub: “Bununla bağlı apardığınız işlərlə bağlı Milli Məclisə və Səhiyyə komitəsinə məlumat verilsin. Siz qeyd etdiniz ki, bununla bağlı mübarizə tədbirləri görülür”.
"Elektron reseptlərin tətbiqi antibiotiklərin reseptsiz satılmasının da qarşısını alacaq"
Rasim İsmayılov deyib ki, Azərbaycan xaricdə olan dərman istehsal edənləri ölkəyə cəlb edir. Nazir müavini bildirib ki, onların arasında azərbaycanlı istehsalçılar da var: “Dərman vasitələrinin qiymətləri ilə bağlı qanuna dəyişiklikdə nəzərdə tutulan müddəalarla həm çeşid bolluğunu, həm də ucuz qiymətli dərmanların ölkədə artmasını hədəfləmişik. Digər tərəfdən, elektron resept ölkəyə keyfiyyətsiz dərman vasitələrinin, bioloji qida əlavələrinin istifadəsini mümkünsüz edəcək. Elektron reseptlərin tətbiqi antibiotiklərin reseptsiz satılmasının da qarşısını alacaq”.
"Müalicə alan şəxslər üçün satışda olmayan dərmanların xaricdən gətirilməsinə şərait yaradılır"
Nazir müavini qeyd edib ki, müalicə alan şəxslər üçün satışda olmayan dərmanların xaricdən gətirilməsinə şərait yaradılır: "Fiziki şəxs tərəfindən ehtiyacı olan dərman vasitəsinin gətirilməsinə hər hansı məhdudiyyət yoxdur. Xaricdə müalicə alan şəxs ölkəyə gələndə ehtiyacı olan dərmanları özü ilə gətirə bilər". Nazir müavini bildirib ki, əksinə, qanuna dəyişiklikdə Azərbaycanda müalicə alan şəxslər üçün dövlət qeydiyyatında və satışda olmayan dərman vasitəsinin sifariş əsasında xaricdən gətirilməsinə şərait yaradılır.
"Dərmanları bahalaşdıran amillərdən biri bioloji fəallığa malik qida əlavələridir"
Nazir müavini deyib ki, dərmanları bahalaşdıran amillərdən biri bioloji fəallığa malik qida əlavələridir: "Dərman vasitələrinin qiymətləri, ümumiyyətlə istənilən məhsulların qiymətinin formalaşmasında bir neçə amilə diqqət yetirməliyik. Qiyməti müqayisə etdiyimiz ölkələrə baxmalıyıq. Burada vergi dərəcələrinə, yerli istehsal olub-olmamasına baxmalıyıq. Səhiyyə Nazirliyi idxalçılarla görüşlərini mütəmadi keçirir. Böyük istehsalçılar çox sərt tələblər qoyur. Bütün bu amillər dərman vasitəsinin qiymətinin formalaşmasına təsir edir. Səhiyyə Nazirliyinin müvafiq strukturları dərman vasitələrinin qiymətləri ilə bağlı daim araşdırmalar aparır. Zərurət olduqda biz Tarif Şurası ilə müzakirə edib operativ həll yolunu tapırıq. Dərman vasitəsini bahalaşdıran amillərdən biri də bioloji fəallığa malik qida əlavələridir. Onlar dövlət qeydiyyatına alınmır və qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Bu da satıcıların onları istədikləri qiymətə satmasına yol açır. İnsanlarda fikir yaranır ki, dərmanlar bahadır. Amma baha olan qida əlavələridir. Qanuna düzəlişdə bunun aradan qaldırılması üçün müddəa nəzərdə tutulub”.
"Tarif Şurası dərman vasitələrinin qiymətinə yenidən baxır"
Rasim İsmayılov vurğulayıb ki, Tarif Şurası dərman vasitələrinin qiymətinə yenidən baxır: "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Tarif Şurası tərəfindən beynəlxalq sistem tətbiq edilir, bu, bir sıra inkişaf etmiş ölkələrdə də tətbiq edilir. Dərman vasitələrinin Tarif Şurası tərəfindən qiymətlərinin tənzimlənməsi indiki halda ən uyğun yoldur. Səhiyyə Nazirliyi Tarif Şurası və digər aidiyyəti qurumlarla əməkdaşlıq edir. Hazırda Tarif Şurası sağlamlıq baxımından əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətinə yenidən baxır”.
"Dərman vasitələrinin ölkəmizdə qıtlığının bir çox səbəbləri var"
Nazir müavini ölkədə dərman qıtlığının iki əsas səbəbini açıqlayıb. Bildirib ki, burada səbəblərin əsas ikisi mühüm əhəmiyyət kəsb edir: “Bunlardan birincisi beynəlxalq bazarlarda baş verən qeyri-stabillikdir. Rusiya-Ukrayna arasında olan hərbi əməliyyatlar, enerji daşıyıcılarının bahalaşması və s bütün sahələrdə olduğu kimi dərman vasitələrinin istehsalına da mənfi təsirini göstərir. Bəzi hallarda istehsalçılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir və ya gecikdirirlər. Son zamanlar dünya bazarında olan stabilləşmə bizə imkan verir ki, yerli idxalçılar etibarlı təchizat zəncirini təmin etsinlər. İkinci əsas məsələ hazırda qüvvədə olan qanunvericiliyin günün tələblərinə cavab verməməsidir. Hesab edirik ki, qanuna düzəlişlər qəbul olunarsa, qeydiyyat prosesi sadələşəcək və sürətlənəcək”.
"Yaxşı olar ki, siz onu araşdırasınız"
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov nazir müavininin keyfiyyətsiz dərmanlarla bağlı dediklərinə etiraz edib: “Burada nazir müavini Rasim İsmayılov dedi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir. Bu, belə deyil”. Komitə sədri bildirib ki, nazirlik bunun səbəbini araşdırsın: “Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız. Keyfiyyətsiz dərman gəlirsə, onun başqa mənbələrini axtarmaq lazımdır. Biz komitədə keçirilən müzakirədə də insanların şəxsi istifadə üçün dərman gətirməsinə mane olunduğu halları qeyd etmişdik. Bir insan özü üçün 3 qutu dərman gətirirsə, onun 2-ni keçirməyə qoyurlar. Bu hallar aradan qaldırılmalıdır. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil”.
Spiker Sahibə Qafarova qeyd edib ki, Rasim İsmayılov nazirlik tərəfi olaraq etiraf edir ki, belə hallar var: “Mən də təklif etdim ki, bizə bu barədə məlumat versin”.
Rasim İsmayılov isə bildirib ki, o, çıxışında dərmanların apteklərdə satışının olduğunu deməyib: “Apteklərdə belə hallara çox cüzi rast gəlinə bilər. Çünki apteklərdə mütəmadi yoxlamalar keçirilir. Aparılan tədbirlərlə bağlı sizə məlumat verəcəyəm”.
"Dərmanların ticarət adının reseptlərdə yazılmaması problemlərə gətirib çıxara bilər"
Deputat Rəşad Mahmudov isə bildirib ki, dərmanların ticarət adının reseptlərdə yazılmaması problemlərə gətirib çıxara bilər. O qeyd edib ki, dərman şirkətləri ticarət adı reseptlərdə yazılmayan ölkələrdə öz rəsmi nümayəndəliklərini çıxarmağa çalışırlar. Deputat vurğulayıb ki, bu gün Azərbaycanda 250-ə qədər rəsmi nümayəndəlik var: “Bu nümayəndəliklər dərman vasitələrinin təchizat zəncirinə ciddi nəzarət edirlər. Bu baxımdan dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”.
Deputat dərmanların keyfiyyətsizliyindən gileylənib
Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanda dərman qıtlığı və keyfiyyətilə bağlı problemlər var. Dərmanların qeydiyyatı bəzən 6 ay gecikir: "İnsanlar dərman qəbul edirlər, amma bu, onların dərdinə dərman olmur. Bunun səbəbi nədir? Dərmanlar bahalaşır. Dərmanı ala bilməyən şəxslər var. Dərman vasitələri əlavə dəyər vergisindən, gömrük rüsumundan azad edilməlidir. Dərmanların stabilləşməsi üçün hökumət hansı tədbirlər görür? Bu barədə deputatlara məlumat verilməlidir”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dərmanların keyfiyyətinin artması və qiymətinin aşağ düşməsi üçün ölkəmizdə dərman istehsal olmalıdır, idxaldan asılılıq azalmalıdır.