Oqtay Qasımov: "Ermənistan cəmiyyətində Rusiyaya qarşı narazılıq rekord həddə çatıb"
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Pashinyana iyun ayında keçiriləcək parlament seçkilərində “tam və mütləq dəstək” verəcəyini açıqlayıb.
Tramp sosial şəbəkə paylaşımında Paşinyanı “yaxşı dost və lider” adlandıraraq onun Ermənistanı daha güclü, zəngin və təhlükəsiz etdiyini bildirib.
O qeyd edib ki, Paşinyan ABŞ-nin Cənubi Qafqaz və sülh siyasəti ilə uyğun mövqe sərgiləyir.
Tramp həmçinin ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfərinə toxunaraq, bu görüşlərdə iki ölkə arasında mühüm razılaşmalar üzrə irəliləyiş əldə olunduğunu deyib.
ABŞ prezidenti bildirib ki, yaxın zamanda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan yeni layihənin təməli qoyula bilər.
Trampın sözlərinə görə, bu layihə ABŞ, Ermənistan və Cənubi Qafqazın iqtisadi və strateji əlaqələrini gücləndirməyi hədəfləyir.
Donald Trampın Paşinyana dəstək mesajını şərh edən politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri yalnız daxili siyasi mübarizə deyil, həm də böyük güclərin geosiyasi rəqabəti kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, hazırda Qərb açıq şəkildə Nikol Paşinyan hakimiyyətini dəstəklədiyi halda, Rusiya revanşist düşərgəyə və bu düşərgədə təmsil olunan Robert Köçəryan, Serj Sarkisyan və Samvel Karapetyan kimi fiqurlara siyasi dəstək verir: 
“Son aylarda Moskvanın Ermənistandakı proseslərə müdaxilə cəhdləri daha da intensivləşib. Rusiya tərəfindən Ermənistan hakimiyyətinə yönəlik təhdid və təzyiq xarakterli açıqlamaların sayı artıb. Məqsəd həm hakimiyyətə mesaj vermək, həm də erməni cəmiyyətini psixoloji təzyiq altında saxlamaqdır”.
O. Qasımovun fikrincə, ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfəri və ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə üzərindən Nikol Paşinyana açıq dəstək verməsi Ermənistanın daxili siyasi gündəminə ciddi təsir göstərə biləcək hadisələrdir:
“Bu dəstək xüsusilə qərbyönlü və antirusiya mövqeyində olan seçicilər üçün mühüm siyasi mesajdır. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsində Rusiyaya qarşı ciddi narazılıq mövcuddur. Aparılan sorğular da bunu göstərir. Bu baxımdan Trampın açıq dəstəyi Paşinyanın seçki mövqelərini gücləndirə bilər”.
Politoloq qeyd edib ki, bəzi ekspertlər Donald Trampın vaxtilə Macarıstanda Viktor Orbana açıq dəstək verməsinə baxmayaraq, nəticələrin gözlənildiyi kimi olmamasını misal çəkirlər:
“Lakin Ermənistan və Macarıstan arasında ciddi fərqlər var. Macarıstanda cəmiyyət Orbanın uzunmüddətli hakimiyyətindən yorulmuşdu. Ermənistanda isə Paşinyanın hələ də müəyyən sosial dayaqları qalır və onun real ictimai dəstəyi mövcuddur”.
Müxalifətin ABŞ-nin bu dəstəyini “xarici müdaxilə” kimi təqdim etmək cəhdlərinə toxunan politoloq bildirib ki, revanşist qüvvələrin özlərinin Rusiya tərəfindən dəstəklənməsi erməni cəmiyyətinə məlumdur. Bu səbəbdən həmin arqumentin ictimai rəyə ciddi təsir göstərəcəyi inandırıcı görünmür:
“Bu gün Ermənistan cəmiyyətində Rusiyanın siyasi təsiri və revanşist düşərgəyə verdiyi dəstək sirr deyil. Ona görə də müxalifətin səsləndirdiyi "xarici müdaxilə" arqumenti geniş ictimai rezonans doğurmaya bilər”.