Nə hikmətdirsə, Moskva və Tehrandan reaksiya yoxdur

ABŞ bayrağının Qərbi Zəngəzurda dalğalanması Rusiyanın və İranın maraqlarına zidd olmalıdır


  "Ermənistanın Azərbaycanla sərhəddə zavod tikintisi bəhanəsiylə ABŞ bayrağının asılmasına Vaşinqtonun, Moskvanın və Tehranın reaksiyası necə olmalıdır? Vaşinqtonda Qərbi Zəngəzur bölgəsində Amerika bayrağının dalğalanmasına iki yanaşma ola bilər". Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

 Ekspert bildirib ki, birinci yanaşma Amerika bayrağının Rusiyanın Ermənistandakı hərbi bazasına və İranla sərhədə yaxın ərazidə dalğalanmasına müsbətdir: "Düşünürlər ki, bununla həm Ermənistanı Rusiya və İranı təsirindən uzaqlaşdırırlar, həm də Moskva və Tehrana Amerikanın bölgədə varlığını nümayiş etdirirlər. İkinci yanaşma isə Amerika bayrağının təhlükəli zonada dalğalanmasının ümumi işə faydası olmadığı və Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edə biləcəyindən ibarətdir. 

ABŞ bayrağının Qərbi Zəngəzurda dalğalanması Rusiyanın və İranın maraqlarına zidd olmalıdır, hər ikisi həssas ərazidə bayraq vasitəsilə Amerikanın varlığına mənfi yanaşmalıdırlar, ancaq nə hikmətdirsə, hələ ki Moskva və Tehrandan reaksiya yoxdur. O ki qaldı Azərbaycana, Ermənistan BMT-yə üzv olan bütün ölkələrin bayraqlarını Qərbi Zəngəzurda dalğalandırsa belə, bu onun problemlərini həll etməyəcək. Bunu elə Amerika bayrağını həmin ərazidə qaldıran şirkətin erməni təmsilçisi də bu sözlərlə etiraf edib: “İnanmıram ki, Amerika bayrağı Azərbaycanı dayandırsın”.