İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Notarial qaydalar rəqəmsallaşdırılır
Notarial qaydalar rəqəmsallaşdırılır
Osman Gündüz: "Notarisuda hansısa notarial əməliyyatı apardıqdan sonra vətəndaşlara kitabçalara imza atmaq lazım gəlməyəcək"
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Ölkəmizin ictimai-iqtisadi həyatının zəruri sahələrində mütərəqqi islahatlar davam edir. Xüsusən, ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Vətəndaşlara daha səmərəli və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir. Çünki baş verən dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini də zəruri edir. Ölkəmizdə gedən davamlı sosial-iqtisadi inkişafla yanaşı, qanunvericiliyin və əhaliyə göstərilən hüquqi xidmətlərin, o cümlədən notariat xidmətlərinin səmərəliliyinin gündən-günə artırılmasının təmin olunması istiqamətində səylər davam etdirilir. Müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun fəaliyyətinin təkmilləşdirilməsi olduqca zəruridir.
Son zamanlar notariat sahəsində aparılan müsbət dəyişikliklər sərbəst bazar iqtisadiyyatının inkişaf etdiyi bir vaxtda mülki dövriyyə iştirakçılarının, o cümlədən mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına imkan yaradıb. Qeyd etmək lazımdır ki, müasir və daim yenilənən cəmiyyətimizdə mülki-hüquq münasibətlərinin və mülki dövriyyənin tənzimlənməsində notariusların böyük rolu var. Notariuslar öz vəzifələrini yerinə yetirərək mülki-hüquq subyektlərinə onların hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsində və qanuni mənafelərinin qorunmasında yaxından köməklik göstərirlər. Ədliyyə Nazirliyi tərəfindən hüquqi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsinə xüsusi diqqət yetirilir.
2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən yaradılaraq istifadəyə verilmiş və böyük vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi insanların mülki hüquq münasibətlərinin həllini xeyli asanlaşdırıb. Notariat hərəkətlərinin məsafədən, bilavasitə notariat ofisinə müraciət etmədən rəsmiləşdirilməsinə əlverişli imkan yaradıb. Mobil cihazlara “AppStore” və ya “Google Play” satış platformalarından asanlıqla yüklənə bilən “Mobil notariat” ən populyar tətbiqlər sırasındadır. Təsadüfi deyil ki, informasiya texnologiyaları sahəsində Azərbaycanın İnternet Mükafatı olan NETTY tərəfindən bu innovasiya "Dövlət və cəmiyyət" nominasiyası üzrə 2022-ci ilin ən yaxşı tətbiqi seçilib. Hazırda mobil tətbiq vasitəsilə müxtəlif növ etibarnamələrin və ərizələrin elektron qaydada rəsmiləşdirilməsi mümkündür. Ölkə vətəndaşları, eləcə də daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilirlər. Elektron qaydada rəsmiləşdirilmiş sənədləri telefon vasitəsilə aidiyyəti üzrə təqdim və ya nümayiş etdirmək, habelə kağız daşıyıcıya çap edərək istifadə etmək mümkündür. Elektron müraciətlər qanunvericiliyə əsasən, müraciət edənin iradəsini əks etdirən video və audiomateriallar əsasında ən gec 5-10 dəqiqə ərzində notariuslar tərəfindən təsdiq olunur və bu barədə vətəndaşın mobil cihazda şəxsi kabinetinə dərhal bildiriş göndərilir. Bundan əlavə tətbiq vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və barkod əsasında yoxlanılması mümkündür. Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın əldə edilməsi də göstərilən xidmətlər sırasındadır. “Mobil notariat” istifadəçisi özünün bütün notariat əməliyyatları ilə bağlı sənədlərini həmin tətbiqdə saxlaya, sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal ala və elektron versiyasından istifadə edə bilər. “Mobil notariat” tətbiqinin alt-sistemi kimi istifadəyə verilmiş “Mobil əhali” tətbiqi də həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımıza smart texnologiya vasitəsilə məkandan asılı olmayaraq və növbədə gözləmədən elektron arayışların daha tez şəkildə əldə olunmasını təmin edir.
Bu sahədə mühüm yeniliklərdən biri də ötən gün baş verib. Hökumət Ədliyyə Nazirliyinin hazırladığı “Notarial hərəkətlərin aparılması qaydaları haqqında Təlimat”a dəyişiklikləri təsdiqləyib. Təlimat son illər notarial sistemdə aparılan rəqəmsal transformasiya proseslərini tam hüquqi müstəviyə gətirib. Təlimata görə, bundan sonra notarial əməliyyatların aparılması üçün əsasən “Elektron notariat” informasiya sisteminin "eGov" İnformasiya Sistemi üzərindən sənədlərin əldə edilməsi nəzərdə tutulub. Yəni daşınmaz əmlakla, avtomobillərlə bağlı reyestrdən çıxarışlar, mülkiyyət sənədlərini notariuslar artıq vətəndaşdan deyil, "eGov" sistemindən alacaqlar.
Dəyişikliyi dəyərləndirən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, maraqlı məqam odur ki, "eGov" vasitəsilə digər dövlət qurumlarından alınması mümkün olan sənədlərin siyahısını da Nazirlik öz saytında yerləşdirəcək. Yəni qabaqcadan vətəndaş biləcək ki, notarius hansı sənədi "eGov"dan götürəcək, hansı sənədi vətəndaşdan istəyəcək: "Yeri gəlmişkən, bu həm də, dövlət qurumlarının rəqəmsallaşma səviyyəsini də müəyyən etməyə, necə deyərlər, "kimin nə gündə olmasını" müəyyən etməyə imkan verəcək. Təlimatda olan digər maraqlı məqam elektron sistemlərdə olan sənədlərin kağız formada surətinin çıxarılaraq təsdiqlənməsinə görə haqqın ləğv edilməsidir. Həmçinin sənədlərin "QP kod ilə oxunması imkanları da nəzərdə tutulur. Nəhayət, 20 il bundan öncə qəbul edilən daha bir sənəd, notarial hərəkətlərin qeydi üçün resyestrlər də dəyişilib. Nazirlər Kabinetinin yeni qərarı əsasında artıq notariuslardakı kağız reyestrlərə son qoyulub, onları elektron reyestrlər əvəz edib. Yəni bundan sonra notarisuda hansısa notarial əməliyyatı apardıqdan sonra vətəndaşlara kitabçalara imza atmaq lazım gəlməyəcək. “Notariat hərəkətlərinin qeydi üçün Elektron Reyestr”in hökumət tərəfindən təsdiqlənən formasından görsənir ki, elektron reyestrdə notarial əməliyyatlar aparan vətəndaşların şəkilləri yerləşdiriləcək. Bir daha qeyd etmək istərdim ki, rəqəmsal transformasiyanın sürətlənməsi baxımından bunlar mühüm əhəmiyyət kəsb edən addımlardır".
O.Gündüzün fikrincə, Ədliyyə Nazirliyinin bu istiqamətdə səyləri çox təqdirəlayiqdir: "Güman ki, bundan sonra "Mobil Notariat" rəqəmsal həllinin populyarlığı daha da artacaq. Yeri gəlmişkən, xatırladıram ki, əksər nazirliklərdə 20-30 il öncə qəbul edilən bir çox sahəvi təlimatlar hələ də qüvvədədir. Qanunlar dəyişsə də, xüsusən ötən ilin yekununda "eGov" sahəsində bir xeyli qanunlara dəyişikliklər edilsə də, daxili təlimatlardan, sahəvi əsasnamələrdən hələ də istifadə edilir. Bildiyim qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal hökumət quruculuğunu sürətləndirmək üçün paket halında mövcud qanunvericiliyə dəyişikliklər hazırlayıb. Hazırda bunun razılaşdırılması prosesləri gedir. Ümid edirəm, tezliklə bütün dövlət qurumlarında biznes proseslərinin sadələşməsinin və rəqəmsallaşmasının, mövcud təlimatların yenilənməsinin şahidi olacağıq".