- Elman Cəfərli: “90 ildən sonra türk coğrafiyasının yenidən birləşməsini görmək gözəl duyğudur”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri dünyanın diqqət mərkəzindədir. Səfər çərçivəsində imzalanan sənədlərin ümumən Mərkəzi Asiya və Türk dünyasının birliyini gücləndirəcəyi və iqtisadi inkişafını yüksəldəcəyi şəksizdir.
Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Sherg.az-a açıqlamasında bildirdi ki, bir vaxtlar parçalanmış coğrafiyada indi yeni əməkdaşlıq körpüləri qurulur:
- Azərbaycan Prezidentinin Özbəkistana tarixi səfəri başa çatdı. İki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə yüksəldi. Prezidentlərin imzaladığı “Əbədi dostluq” müqaviləsi Türk birliyinə də mühüm töhfədir. Bu sənəd niyə önəmlidir?
Azərbaycan Güney Qafqazda, Özbəkistan isə Türküstanda mühüm mövqeyə malik dövlətdir. Bu baxımdan bu iki ölkənin yaxınlaşması Turan coğrafiyasında siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin güclənməsinə geniş imkanlar açır. Rus işğalı dönəmində süni olaraq ayrı salınmış türk coğrafiyası yenidən birləşir. Stalin zamanında Mərkəzi Asiyada və Qafqazda inzibati sərhədlərin yenidən müəyyənləşdirilməsi türk xalqlarını bir-birindən ayıran siyasi-coğrafi reallıqlar yaratmışdı. Türküstanın ayrı-ayrı respublikalara bölünməsi, Qafqazın və Anadolu ilə əlaqələrin zəiflədilməsi türk dünyasının bütövlüyünə ciddi təsir göstərmişdi. Lakin təxminən 90 il sonra Azərbaycan, Özbəkistan və digər türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və nəqliyyat əlaqələri sürətlə dərinləşməsini seyr etmək gözəl duyğudur. Turan coğrafiyasının inteqrasiyasında Azərbaycan aparıcı rolu şəksizdir. Ölkəmiz Anadolunu, Güney Qafqazı Xəzərin o tayı ilə birləşdirən əsas körpüdür. Bakı-Tiflis-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın Türk dünyası arasında körpü rolunu gücləndirir.
E.Cəfərli xatırlatdı ki, cənab İlham Əliyev hələ 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı Xivədə keçirilən görüşdə “Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır” demişdi:
- Əgər istəyiriksə, xalqlarımız arasındakı yaxınlıq daha da güclənsin, rus və ya başqa dilə ehtiyac olmadan ünsiyyət qura bilək, özbək telekanallarının Azərbaycanda yayımı təşkil edilməlidir. 1991-ci ildə ilk dəfə Türkiyənin “Star TV” kanalı Azərbaycanda yayımlananda aparıcıların dediyi sözlərin əksəriyyətini başa düşmürdük. Amma bu gün Azərbaycanda türk dilini başa düşməyən yoxdur. Özbəkistanda son illərdə kifayət qədər keyfiyyətli serial və filmlər çəkilib. Azərbaycan tamaşaçısı həmin filmləri tərcüməsiz, orjinaldan izləməlidir. Bakıda və Gəncədə özbək şair və yazıçılarının kitab sərgiləri, ədəbi görüşlər təşkil olunmalıdır. Bu cür mədəni layihələr artsa qısa müddətdə Azərbaycan türkcəsi ilə özbək dili arasında ünsiyyət və qarşılıqlı anlaşma daha da asanlaşacaq.