Özgür Özəl İzmirdən yeni partiya siqnalı verdi: Bəs, CHP-li deputatlar nə düşünür?

Türkiyənin ana müxalifət partiyası CHP-də yaşananlar gündəmin mövzusu olaraq qalır. Özgür Özəl yeni partiya yaradacaqmı? Hələlik bu məsələ dəqiqləşməyib, lakin siyasi kulislərdə hərəkətlilik artmaqdadır. Özəlin son açıqlamaları isə diqqət çəkib. O bildirib:

"İstər yeni partiya olsun, istərsə də mövcud partiyada davam edək, yeni siyasətin müjdəsini veririk."

Özgür Özəlin yeni partiya yaradacağı ilə bağlı iddiaların daha çox səsləndirildiyi bir vaxtda CHP lideri diqqətçəkən açıqlama verib. O, bir tərəfdən CHP-də fəaliyyətini davam etdirəcəyinə işarə etsə də, digər tərəfdən yeni partiya ehtimalını da istisna etməyib.

Plan yeni partiyadır, yoxsa mövcud partiya?

Özəl çıxışında yeni siyasi yürüşə başladıqlarını vurğulayaraq deyib:

"Son günlər 'Yeni partiya qurulacaqmı?' sualı tez-tez səslənir. Biz öz partiyamızdayıq, amma yeni bir yürüşün, yeni bir yanaşmanın içindəyik. Yeni siyasətin, qurucu siyasətin, hakimiyyətə doğru irəliləyən siyasətin içindəyik. İstər yeni partiya olsun, istər mövcud partiyada davam edək, bu yeni yürüşümüzlə sizi heç kimə əzdirməyən yeni siyasətin müjdəsini veririk. Hamımız birlikdə hakimiyyətə doğru gedirik. Hazırsınızmı?"

Özəl yeni partiyadan danışır, bəs deputatlar?

Bəs Özgür Özəl yeni partiya yaratsa, kimlər onunla birlikdə hərəkət edəcək?

Əldə olunan məlumata görə, Özəl parlamentdə ona müxalif olan deputatlar da daxil olmaqla millət vəkilləri ilə qrup halında görüşlər keçirib. Həmin görüşlərdə yeni partiya məsələsi də müzakirə olunub.

CHP-yə yaxın mənbələrin iddiasına əsasən, təxminən 85 millət vəkili yeni partiyaya keçməyə yaxın mövqe nümayiş etdirir. Qalan deputatların isə CHP-dən ayrılmağa isti baxmadığı bildirilir.

Özəl və İmamoğlu arasında sədr mübahisəsi

Kulislərdə yayılan məlumatlara görə, yeni partiya hazırlıqları yekun mərhələyə yaxınlaşır, Əkrəm İmamoğlu ilə Özgür Özəl arasında partiya sədrliyi məsələsində fikir ayrılıqları mövcuddur.

Məhkəmənin "mütləq etibarsızlıq" qərarı ilə yenidən CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun yanında təxminən 20 deputatın olduğu bildirilir. Bununla yanaşı, "üçüncü yol" tərəfdarlarının da az olmadığı və həmin şəxslərin Kılıçdaroğludan sonrakı dövrə hazırlaşdığı iddia olunur.

Özəl tərəfinin əsas məqsədinin hələlik CHP daxilində siyasi mübarizəni davam etdirmək olduğu vurğulanır.

Lakin növbədənkənar qurultayın keçirilməsi üçün toplanmış imzaların partiya rəhbərliyi tərəfindən qəbul edilməməsi səbəbindən məsələnin məhkəməyə daşınacağı bildirilir.

Bundan əlavə, məhkəmə tətilinə qədər Ali Məhkəmənin "mütləq etibarsızlıq" qərarını qəti şəkildə təsdiqləyib-təsdiqləməyəcəyi gözlənilir.

Əgər qərar qüvvəyə minməz və qurultay ümidi tamamilə aradan qalxarsa, siyasi kulislərdə dolaşan məlumatlara görə, Özgür Özəl və komandasının CHP-dən ayrılaraq yeni siyasi yol seçməsi ehtimalı artır.