"Beş il öncə Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq xalqımızın ən böyük arzusunu, torpaqların azadlığını və suverenliyin bərpasını gerçəyə çevirdi".
Bunu "Sherg.az"a açıqlamasında VHP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Zeynal Fətullayev deyib.
Ekspert bildirib ki, 44 gün davam edən Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi, bu, xalqın iradəsinin, milli birliyin və əzminin zəfəri idi:

"Bu müharibədə xalqın hər bir fərdi cəbhə və arxa cəbhədə öz vətənpərvərliyini, dövlətinə sədaqətini sübut etdi. Qələbənin 5 illiyi münasibətilə keçirilmiş möhtəşəm Parad sadəcə hərbi güc nümayişi deyil, həm də millətimizin ruhunun, birliyinin, dövlətimizin qüdrətinin bayramıdır. Parad Azərbaycan xalqının tarixi yaddaşında əbədi iz buraxan hadisələrin təntənəli təzahürüdür. Paradda meydanlarda addımlayan hər bir əsgər, hərbi texnika, dövlət bayrağımızın dalğalanışı - 44 günlük mübarizənin qürurlu davamıdır. 5 il əvvəl qazandığımız qələbə yalnız bir ərazinin azad olunması deyildi. Bu, Azərbaycan xalqının öz tarixi ədalətini bərpa etməsi, milli qürurunun bərpası idi. O günlərdə hər kəsin bir araya gəlməsi, gənc və qocanın, qadın və kişinin “Vətən!” deyə səslənməsi göstərdi ki, bu xalqı heç bir qüvvə sındıra bilməz".
Siyasi şərhçi qeyd edib ki, Zəfər paradı bu birliyin, bu iradənin simvoludur:
"Azərbaycan Ordusunun bu günkü parad addımları həm də sabaha inamın, dövlətin gələcək inkişafının rəmzidir. Paradın xüsusi məqamlarından biri qardaş ölkə liderlərinin - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan baş naziri Şahbaz Şərifin iştirakı və çıxışları idi:
"Bu, Azərbaycanın qazandığı qələbənin təkcə regional yox, həm də mənəvi və strateji bir hadisə olduğunu göstərir. Türk-İslam dünyası bu paradda bir yumruq kimi birləşərək dünyaya mesaj verir: ədalətin, sülhün və birliyin gücü qalib gəlir. Builki parad həm məzmununa, həm də simvolikasına görə əvvəlkilərdən fərqləndi. Burada təkcə yeni silah və texnikaların nümayişi deyil, Azərbaycanın müasir hərbi strategiyasının, milli müdafiə sənayesinin, diplomatik nüfuzunun və mənəvi dirənişinin təqdimatı oldu. Parad bir dövrün sonu deyil, qalib xalqın yeni yüksəliş mərhələsinin başlanğıcıdır. 44 günlük müharibə və ondan sonrakı 5 il Azərbaycanın dövlətçilik tarixində qızıl hərflərlə yazıldı. Bu gün biz təkcə qazandığımız torpaqlarla deyil, həm də bərpa etdiyimiz qürur, birliyimiz və gələcəyə inamımızla fəxr edirik. Zəfər Günü azadlığın, birliyin və dövlətin gücünün bayramıdır!".