Bu rəqəmin özü göstərir ki, Rusiya Prezidenti Azərbaycan Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb
Paşinyan bütün gizlinləri açıqladı
Ermənistan Baş naziri müharibə zamanı Putinlə 60 dəfə telefonla danışıb
Bu rəqəmin özü göstərir ki, Rusiya Prezidenti Azərbaycan Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb
Bu rəqəmin özü göstərir ki, Rusiya Prezidenti Azərbaycan Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb
Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran İstintaq komissiyasının iclasında sensasiyalı açıqlamalar verib. Baş nazir bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı üzrə son danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb. Paşinyanın sözlərinə görə, o, bəyanatı imzalamağa razılaşıb, lakin bir şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə bağlı müddəalar olmasın: "Bildirdim ki, erməni tərəfi Hadrut müqabilində Ağdamı təklif edir. Noyabrın 8-nə olan məlumata görə, hərbçilər şəhərin bir hissəsinin erməni tərəfinin nəzarətində olduğunu bildirsələr də, onu tamamilə geri qaytarmağın mümkünsüz olduğu aydın idi. Mən üçtərəfli bəyanatın mətnini noyabrın 9-da gecə yarısı deyil, səhər saatlarında imzaladım. Müharibənin dayandırılması ilə bağlı danışıqları Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparmışam. Noyabrın 8-də və noyabrın 9-da onunla 20-yə yaxın telefon danışığım olub, bütün müharibə dövründə isə Putinlə 60-a yaxın telefon danışığım olub". Paşinyan vurğulayıb ki, sonda müzakirələr nəticəsində hərbi əməliyyatların dayandırılmasına, 7 rayonun qaytarılmasına razılıq verib: "Laçın "dəhlizi"nin açılması və orada rus sülhməramlılarının yerləşdirilməsi qərara alındı. Prosesin kulminasiya nöqtəsi noyabrın 9-da axşam oldu, o zaman məlum oldu ki, Azərbaycan praktik olaraq razılaşdırılmış mətnə yeni əlavələr təklif edir. İmzalanmış mətn dövriyyədən çıxdı, sonra yenidən danışıqlar başladı. Bu anda Rusiya Federasiyasının prezidenti dedi ki, Azərbaycan mətnə Tovuz anklavlarının qaytarılması ilə bağlı bəndin əlavə edilməsini təklif edir. Sonda uzun və mürəkkəb müzakirələrdən sonra hamıya məlum olan sənədi imzaladım”.
Paşinyan vurğulayıb ki, 9 noyabr bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhdi idi: “İlk belə danışıq oktyabrın 7-də Putinin doğum gününü təbrik etmək üçün zəng vuranda oldu. Müsahibələrin birində demişdim ki, Ermənistan güzəştə getməyə hazırdır və o da bu fürsətdən istifadə edərək tezliklə atəşkəs üçün vasitəçilik səyləri göstərmək istədiyini dedi. Mövqeyimiz ondan ibarət idi ki, ilkin şərt qoyulmadan atəş dayandırılmalı, tərəflər öz mövqelərində qalmalı, bundan sonra tərəflərin hansı kompromislərə hazır olması ilə bağlı məsləhətləşmələr başlamalıdır. Dedim ki, bu variant bizim üçün məqbuldur. Rusiya Prezidenti ilə ikinci telefon danışığım elə həmin gün axşam saatlarında oldu. O, Azərbaycan Prezidenti ilə danışdığını, lakin İlham Əliyevin atəşkəslə razılaşmağa hazır olmadığını bildirib. Ertəsi gün Rusiya Prezidenti mənə bildirdi ki, Azərbaycanın atəşkəs üçün ilkin şərtləri var. Azərbaycan Füzulinin döyüşsüz verilməsini, erməni qüvvələrinin Araz boyu Xudafərin su anbarından çəkilməsini və suvarma işləri üçün su anbarının Azərbaycanın nəzarətində qalmasını istəyirdi. Bundan başqa, Azərbaycan rəhbərliyinin Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılması da daxil, şərtləri vardı”.
Paşinyan Şuşa döyüşlərindən də danışıb: "Şuşa ciddi əhəmiyyət kəsb edirdi və Şuşanın müdafiəsinin möhkəmləndirilməsi, təşkili ilə bağlı idi. Xəbər gəldi ki, bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndi ərazisində müdafiəmizi yararaq, Laçın-Xankəndi yolunu kəsib. Yəni faktiki olaraq Şuşa yolu bağlandı. Bu xəbəri mənə Qarabağın “prezidenti” çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləmədi. Yeri gəlmişkən, bu, müharibə illərində təxminən on dəfə təkrarlanan vəziyyət idi, Arutyunyan xəbər verəndə baş katib xəbəri təsdiqləmədi, hətta təkzib etdi və bir müddət sonra etiraf etməli oldu ki, Arutyunyan düz deyirdi. Mahiyyət etibarı ilə Şuşanın tənəzzülü də bu andan başladı".
Ermənistan Baş naziri deyib ki, Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub: “Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”. Baş nazir bildirib ki, əgər Şuşa əhalisinin 90 faizi azərbaycanlıdırsa, onu "erməni şəhəri" adlandırmaq çətindir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibə zamanı Rusiya Prezidenti Vladimir Putinlə 60 dəfə telefonla danışığına diqqət çəkib. Bildirib ki, bir sıra hallarda danışıqların təşəbbüskarı Kreml sahibi olub: "Bu rəqəmin özü göstərir ki, Rusiya Prezidenti Azərbaycan Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb. Qarabağda separatizm ocağının tam ortadan qaldırılmaması üçün Nikol Paşinyana təsir etməyə çalışıb ki, Azərbaycanın ilkin şərtlərini qəbul etsin. Putinin bu telefon danışıqlarında digər məqsədi nə yolla olur-olsun bölgədə “sülhpərvər” adı ilə Rusiya ordusunu yerləşdirmək olub. Putin Cənubi Qafqazda müharibəni həm də ona görə dayandırmağa çalışıb ki, başqa dövlətlər Rusiyanı bölgədən sıxışdırmağa nail olmasınlar. Putin birinci məqsədinə nail olur, Qarabağ separatçıları ağır zərbələr alsa da, varlıqlarını tam itirmədilər. Putin ikinci məqsədinə də nail olur, Rusiya hərbçiləri bölgədə yerləşdirilir. Putin üçüncü məqsədinə nail olmur. Başda Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda varlıqlarını göstərirlər. Biz 2 ildən sonra Rusiya hərbi kontingentini bölgədən çıxarmaqla, o cümlədən separatçıların tərksilahına nail olmaqla və Qarabağın tamamına nəzarəti ələ keçirməklə Kreml sahibinin müharibə dönəmində əldə etdiyi hər iki uğuru heçə endirməliyik".
Elxan Şahinoğlu əlavə edib ki, Paşinyan müharibənin başlamasına və danışıqlardakı zəif mövqeyə görə Ermənistanın özündən əvvəlki bütün liderlərini tənqid edib. Hətta keçmiş müəllimi Levon Ter-Petrosyanın bostanına da daş atıb: "Paşinyan keçmiş prezident Robert Koçaryanı onda ittiham edib ki, o, danışıqlardan Qarabağ separatçılarının təmsilçilərini uzaqlaşdırmışdı. Halbuki münaqişə başlayandan bu yana danışıqlar İrəvanla aparılırdı. Paşinyan Koçaryandan sonrakı Prezident Serj Sarkisyanı isə onda ittiham edib ki, o, 2016-cı il aprel savaşını şifahi razılaşma ilə bitirib və Azərbaycan Ordusunu yeni müharibəyə hazırlaşmağa şərait yaradıb. Nikol Paşinyanın özündən əvvəlki liderləri tənqid etməsində müəyyən məntiq var. İşğalı həyata keçirənlər və danışıqları uzadanlar onlar olub. Ancaq İkinci Qarabağ müharibəsini tezləşdirən Paşinyanın Şuşada içkili şəkildə yallı oynaması, “Qarabağ Ermənistandır” deməsi və ozamankı müdafiə nazirinin “Ermənistan yeni ərazilər uğrunda müharibəyə başlaya bilər” tipli açıqlamaları oldu".