“Sürət azaldılsa, ölümlər də azalır”
Yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında 252 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 14,2 faiz azalaraq 319 nəfər olub. Qəzalar nəticəsində 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib.
Statistik rəqəmlər piyadaların vurlmasılyla nəticələnən yol qəzalarının hələ də üstünlük təşkil etməsi sürət həddi probleminin həllinin vacibliyini göstərir.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev "Sherg.az"a açıqlamasında bildirdi ki, dünyanın müxtəlif şəhərlərində avtomobillərin sürət həddi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur:
- Məsələn, Nyu-Yorkda avtobuslar piyadadan da yavaşdır. New York City rəsmiləri avtobusların sürətini artırmaq üçün yeni addımlar atmağa hazırlaşır. Bu gün Brooklyn ərazisində avtobusların orta sürəti cəmi 6,4 km/saat, Flatbush Avenue kimi əsas küçədə isə təxminən 4 mil/saat (~6,4 km/saat) təşkil edir. Sərnişinlər vəziyyəti açıq şəkildə “dəhşətli” adlandırır – dolu avtobuslar, bitməyən tıxaclar və itirilən vaxt. Planlaşdırılır ki, 2026-cı ilin payızına qədər Livingston küçəsindən Grand Army Plaza-ya qədər yolun mərkəzində 2 xüsusi avtobus zolağı, hər istiqamətdə qırmızı zolaqlar, sərnişinlər üçün təhlükəsiz dayanacaq adaları olacaq, layihə gündə 130 min sərnişinə təsir edəcək. Bu nümunə göstərir ki, problem təkcə avtobus sayında deyil - prioritetin kimə verilməsindədir. Şəhərdə avtomobilə yox, ictimai nəqliyyata üstünlük veriləndə müsbət nəticə dərhal hiss olunur.
Mütəxəssis qeyd etdi ki, ümumiyyətlə, şəhər mühitində sürətin azaldılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bunlara sürücünün diqqətini artıran və fiziki olaraq yüksək sürətlə hərəkəti məhdudlaşdıran həllər daxildir. Məsələn, hərəkət zolaqlarının ensizləşdirilməsi, artıq sahələrdə təhlükəsizlik adacıqlarının yaradılması, piyada keçidlərinin sayının artırılması və onların kontrast işıqlandırılması kimi tədbirlər sürücünün piyadanı daha uzaq məsafədən görməsinə imkan yaradır, xüsusilə gecə vaxtı:
- Bundan əlavə, parklanma sahələri ilə piyada keçidlərinin fiziki olaraq ayrılması “kör zona” problemini aradan qaldırır. Qabarıq (yüksəldilmiş) piyada keçidləri isə həm sürəti azaldır, həm də həmin ərazilərdə nəqliyyat vasitələrinin park etməsinin qarşısını alır və piyadanın görünürlüğünü artırır. Həssas qrupların – məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin yerləşdiyi ərazilərdə “Berlin yastıqları” kimi tanınan sürət azaldıcı elementlərin tətbiqi sürücüləri məcburi şəkildə sürəti azaltmağa vadar edir. Eyni zamanda, məhəllə girişlərinin səki səviyyəsinə qaldırılması piyadaların üstünlüyünü təmin edən mühüm tədbirlərdəndir. Təəssüf ki, şəhərimizdə hələ də sovet dövründən qalma avtomobil yönümlü yanaşma üstünlük təşkil edir. Bu isə piyadaların hərəkətini məhdudlaşdırır və əlavə risklər yaradır. Müasir şəhərsalma prinsiplərinə görə isə piyada şəhər iyerarxiyasının ən yüksək pilləsində dayanmalıdır və şəhər mühiti məhz ona uyğun qurulmalıdır.
Şəhərin giriş nöqtələrində təhlükəsizlik adacıqlarının yaradılması, keçidlərin və işıqforların sayının artırılması, eyni səviyyəli (yerüstü) piyada keçidlərinin təşkili əsas prioritetlərdən olmalıdır. Müxtəlif səviyyəli – yeraltı və yerüstü keçidlər mövcud olsa belə, onların yanında mütləq alternativ olaraq eyni səviyyəli, zebra nişanlı keçidlər təşkil edilməlidir. Əks halda, piyadalar uzun məsafələr qət etməyə məcbur olur ki, bu da qayda pozuntularına və xaotik hərəkətə səbəb olur. Nəticədə isə yol-nəqliyyat hadisələrinin sayı artır və çox vaxt bu hadisələr ölüm ilə nəticələnir. Halbuki, sürətin azaldılması tədbirləri tətbiq olunduğu ölkələrdə qəzalar baş versə belə, onların nəticəsi əsasən maddi ziyan və ya yüngül xəsarətlə məhdudlaşır.
R.Ağamirzəyev qeyd etdi ki, Bakıda müəyyən ərazilərdə bu cür müsbət nümunələr mövcuddur:
Port Baku və Ağ Şəhər layihələri çərçivəsində, eləcə də şəhərin müxtəlif nöqtələrində təhlükəsizlik adacıqları və işıqlandırılmış piyada keçidləri tətbiq olunur. Lakin bu tədbirlər lokal xarakter daşıyır, amma sistemli şəkildə bütün şəhəri əhatə etməlidir.