“Hörmüz boğazı müharibə zonasına çevrilir” - ŞƏRH

“ABŞ İrana qarşı üçüncü hücum dalğasına hazırlaşa bilər”

“Müharibənin arxasında nüvə yox, iqtisadi maraqlar dayanır”

ABŞ-İran-İsrail arasında fevralın 28-dən etibarən başalayan müharibə aprel 8-də atəşkəslə sona çatdı. Lakin atəşkəsdən bir neçə gün sonra ABŞ Hörmüz boğazını blokadaya aldığını açıqladı. Artıq İran limanları 22 gündür ki, blokadadır. İran Prezidenti Məsud Pezeşkian dəniz blokadası adı altında baş verənləri İrana qarşı hərbi əməliyyatın davamı kimi qiymətləndirib. Tərəflər arasında həllini tapmayan əsas məqamlardan biri də nüvə və raket proqramıdır. İranın xarici işlər naziri təklif etdikləri son 14 bəndlik planda, nüvə proqramına yer vermədiklərini açıqlayıb. Bu da ABŞ prezidenti Donald Trampın etirazına səbəb olub. Vaşinqtonun Hörmüz boğazına əlavə hərbi qüvvə cəlb etməsi isə prosesləri çıxılmaz hala gətirib. Tramp gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə 15,000 hərbçi və 100-dən çox təyyarəni boğaz ətrafına yığmağı planlayır. İran rəsmiləri hesab edirlər ki, ABŞ Hörmüzə qoşun yığmaqla “təhlükəsizlik əməliyyatı” adı altında ölkəyə dənizdən hücum planını pərdələyir. 

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, Hörmüz boğazı ətrafında düyünlənən proseslərin həlli istiqamətində irəliləyiş yoxdur:

“Əgər dinc vasitələrlə irəliləyiş mümkün deyilsə, yerdə qalan yeganə yol gücdən istifadə etməkdir. ABŞ-nin Hörmüz boğazında silahlı qüvvələri azaltmaqdansa, əlavə qüvvə göndərir. D.Tramp gəmilərin təhlükəsiz keçidini təmin etmək adı altında İrana qarşı yenidən hərbi əməliyyatlara başlaya bilər. İrandakı rəhbərlik dəyişdirilənə qədər ABŞ-nin hücumları dayandıracağına inanmıram. ABŞ və İran arasında konqresin qoyduğu müddətə əsasən hərbi əməliyyatların 60 günlük müddəti mayın 1-də tamamlandı”. 

Politoloqun sözlərinə görə, Tramp hərbi əməliyyatın sona çatmasını fürsətə çevirib, gözlənilmədən üçüncü hücum dalğasına başlaya bilər:

“Hərbi hissələrin Körfəzə göndərilməsi savaşın hələ bitmədiyini və Yaxın Şərqin hər an müharibə zonasına çevrilə biləcəyini göstərir. ABŞ Körfəzi öz nüfuz dairəsində saxlamağa çalışır. Müharibədən sonra Körfəz ölkələri arasında ABŞ-yə inam sarsılıb. Tramp etibarlı müttəfiq statsusuna geri qayıtmaq üçün gəmilərin təhlükəsiz keçidi məsələsində onlara kömək etməyə çalışır. Digər tərəfdən isə Körfəz ölkələrinə 8,6 milyard dollarlıq silah satışı həyata keçirib. ABŞ bu ölkələrlə münasibətlərin pozulmasını istəməz. Çünki Körfəz ölkələri həmişə Vaşinqton üçün maliyyə mənbəyi olub”.

Ə.Mustafa İranın sülh təklifində nüvə proqramının arxa plana keçirilməsinə aydınlıq gətirib:

“Hörmüzün açılması İrana daha çox lazımdır. Ona görə də ön planda nüvə proqramına deyil, Hörmüz boğazına üstünlük verilir. İran tərəfi ən son təklifdə nüvə proqramının dinc məqsədlərə xidmət edəcəyini qeyd etmişdi. Lakin Tramp bununla da razılaşmadı. Əalində İran Hörmüz boğazını da açacaqdı. Lakin Tramp dənizi blokadaya alıb vəziyyəti gərginləşdirdi. Çünki Hörmüzün bağlanması, Trampın işinə yarayır. O tez-tez qələbə qazandığını deməklə Hörmüzün bağlanmasından əldə etdiyi gəlirləri nəzərdə tutur”.  

Analitik qeyd edib ki, Hörmüz boğazı bağlanmamışdan əvvəl oradan gündə təxminən 17-21 milyon barel neft keçirdi:

“Bu, dünya neft istehsalının təxminən 20-25%-i deməkdir. Hazırda boğazın blokada vəziyyətində olması digər ölkələrin təhlükəsizlik və enerji baxımından Vaşinqtona möhtac olmasına səbəb olur. Yəni, müharibə nüvə proqramı adı altında başlasa da pərdəarxasında iqtisadi maraqlar dayanır. Hörmüzün bağlanması ABŞ-nin enerji ixracından əldə etdiyi gəlirlərin artmasına imkan yaradır. Ona görə də Tramp vəziyyətindən çox məmnundur”.