Paşinyan Rusiyadan tam qopmağı hədəfləyən siyasətçi deyil - RƏY

"Onun məqsədi Avropa kartı vasitəsilə, Ermənistana iqtisadi qazanc gətirməkdir”

Paşinyan hökuməti üçün problemlər zənciri böyüyür. Bir tərəfdə parlament seçkilərində revanşist qüvvələrlə mübarizə, digər tərəfdə isə Rusiyanın iqtisadi təzyiqləri hökümətin qayğılarını artırıb. Rus oliqarxiyasına məxsus ofislərdə aparılan reydlər və Moskvadan gələ biləcək təhlükələrə qarşı Aİ missiyasının bölgəyə gətirilməsi Kremlin səbr kasasını daşırıb.

Rusiya artıq mərhələli şəkildə Ermənistandan gələn məhsulların idxalını məhdudlaşdırır. Moskvadan qopan hər bir element isə Avropa İttifaqı üçün fürsət qapısına çevrilib. Aİ-nin İrəvandakı səfiri, erməni iş adamları ilə görüşündə, Moskvanın qoyduğu qadağalara toxunaraq, Ermənistana əlavə dəstək verəcəklərini açıqlayıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Aİ-nin Ukraynaya dəstəyini xatırlatmaqla, bu reallığı bilə-bilə Avropaya yönələn Ermənistana, Moskva tərəfindən maliyyə yardımı edilməyəcəyini vurğulayıb. 

Ermənistan kimi kiçik və iqtisadi cəhətdən zəif dövlətin Avropa İttifaqı ilə Rusiyanın maraq dairəsinə çevrilməsinə səbəb nədir?

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Rusiya orta əsrlərin geosiyasi təfəkküründən uzaqlaşa bilmədiyi üçün, yeni dünya nizamının tələblərinə uyğunlaşa bilmir:

"Moskva dairələri elə düşünür ki, bütün dövlətlər ona baş əyməli, o isə öz imperial maraqlarını onlara diktə etməlidir. Vaxtilə təcavüzkar siyasət yürüdən Ermənistan, bu gün Kremlin imperialist ambisiyalarının qurbanına çevrilmək təhlükəsi ilə üz-üzə qalıb. Rusiya bu siyasətə alışıb. Onlar XIX əsrdə Cənubi Qafqaz və Osmanlı İmperiyası istiqamətində genişlənərək isti dənizlərə, xüsusilə də Aralıq dənizinə çıxış əldə etməyə çalışırdı. Rusiya üçün növbəti böyük hədəf dünya ticarətinin mühüm hissəsinin cəmləşdiyi Hindistan idi. Bu məqsədə çatmaq üçün Cənubi Qafqaz Moskvanın nəzərində Hindistana uzanan yolda strateji tramplin rolunu oynayırdı”. 

Ekspertin sözlərinə görə, Rusiya bu gün də qonşu dövlətlərə münasibətdə böyük güc məntiqinə əsaslanan ənənəvi yanaşmasını qoruyub saxlayır:

“Lakin yeni dünya nizamının formalaşdığı dövrdə, Rusiyanın hegemon siyasətini həyata keçirməyə şansı yoxdur. Çinin texnoloji yüksəlişi, ABŞ-nin qlobal iqtisadi və hərbi güc mərkəzi statusunu qoruması, Türkiyə və İranın isə regionda sürətlə güclənməsi fonunda Rusiyanın imperial iddialarını reallaşdırması mümkün deyil. Məsələ təkcə Ermənistanın Rusiyanın maraqlarına tabe olmaması ilə məhdudlaşmır. Kremlin hazırkı fəaliyyəti, Cənubi Qafqazda zəifləyən mövqelərini bərpa etməyə və regionda geosiyasi nəzarəti qorumağa yönəlib”. 

H.Səhrablının fikrincə, Kremlin Azərbaycan və Gürcüstandakı təsir rıçaqları əvvəlki gücündə deyil:

“Hazırda ruslardan geriyə qalan tək şey, ciddi çəkisi olmayan avantürist şəbəkələrin qırıntılarıdır. Lakin Rusiya ordusunun Gümrüdə yerləşən 102-ci hərbi bazası, Ermənistan üçün hərbi təhdid olaraq qalmaqdadır. 1997-ci il müqaviləsinə əsasən, Rusiya Ermənistanda baş verə biləcək hər hansı hadisəni əsas gətirərək, müttəfiqini müdafiə etmək adı altında bölgəyə hərbi qüvvə yeridə bilər. Moskva postsovet məkanında, digər dövlətlər kimi, Ermənistanın da təsir dairəsindən çıxmasını əngəlləməyə çalışır”. 

Siyasi şərhçi qeyd edib ki, iqtisadi təzyiqlər fayda verməsə, Rusiyanın növbəti addımı hərbi təxribatlar və qanlı ssenarilər olacaq:

“Moskvanın iqtisadi qadağalarına cavab olaraq, Paşinyan hökuməti çıxış yolunu Ermənistan məhsullarını Avropa bazarlarına çıxarmaqda görür. Əgər Aİ Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün İrəvana ciddi iqtisadi dividentlər versə, vəziyyət Paşinyan hökumətinin xeyrinə dəyişəcək. Aİ 27 ölkəni birləşdirən böyük bir bazara sahibdir. Rusiya təhlükəsindən ehtiyat edən Fransa və onunla eyni mövqedə olan dövlətlər Ermənistana qucaq açacaq”. 

Ekpertin qənaətinə görə, bütün Avropa ölkələri Ermənistan məhsullarının idxalına könüllü yanaşmayacaq:

“Fransanın Ermənistana yönəlik siyasətinin arxasında başqa planlar yatır. Paris Ermənistan və digər regional dövlətlərdən alət kimi istifadə etməklə, Rusiyanın geosiyasi maraqlarına zərbə vurmağı hədəfləyir. Rusiyanın narahatlığının pərdəarxası səbəbi də elə budur. Paşinyan Rusiyadan tam qopmağı hədəfləyən siyasətçi deyil. Onun məqsədi Avropa kartı vasitəsilə, Ermənistana iqtisadi qazanc gətirməkdir”.