Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil edib.
"Report" xəbər verir ki, "Sağ qalmaqdan kənarda – ləyaqətin bərpası və hüquqların geri qaytarılması" adlı tədbir "Universal İnsan Hüquqları" təşkilatı və Əlcəzairin BMT yanında Cenevrə missiyası ilə birgə keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, Bakı hələ 2024-cü ildə mina qurbanlarının fundamental hüquqlarının bərpasına yönəlmiş xüsusi təşəbbüslə çıxış edib. Onun sözlərinə görə, bu təşəbbüsün nəticəsi olaraq 2025-ci ildə İnsan Hüquqları Şurasında "Piyadalar əleyhinə minaların bütün insan hüquqlarının tam həyata keçirilməsinə təsiri" adlı qətnamə qəbul edilib.
Diplomat mina qurbanlarının hüquqlarının yalnız tanınmasından onların praktik şəkildə təmin edilməsinə keçidi nəzərdə tutan yeni qətnamənin qəbul edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın üzləşdiyi mina probleminin miqyasına diqqət çəkərək bu sahədə beynəlxalq əməkdaşlığın və mina qurbanlarına dəstəyin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Əlcəzair, Mozambik və Uqandanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndələri, həmçinin BMT-nin Mina Əleyhinə Fəaliyyət Xidmətinin (UNMAS), Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Müzakirələr zamanı mina qurbanlarının tibbi və psixoloji reabilitasiyası, onların sosial və iqtisadi həyata reinteqrasiyası, həmçinin mina çirklənməsinin iqlim dəyişikliyi və insan hüquqları ilə əlaqəsi əsas müzakirə mövzuları olub.