“Rusiyadan gələn və öz xidməti vəzifələrini yerinə yetirməmiş Ermənistan vətəndaşları hərbi xidmətə cəlb edilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan beynəlxalq hava limanlarında Müdafiə Nazirliyinin sərhəd-keçid məntəqələrində xidmətin gücləndirilməsi, fərarilərin müəyyən edilməsi və qoşunların göndərilməsi mövzusundan danışarkən deyib.
Rusiyadan gələnlərə çağırış vərəqələrinin verilib-verilməyəcəyi ilə bağlı suala Papikyan belə cavab verib:
“Bunu necə istisna edə bilərəm? Yəni Rusiya, Fransa və ya ABŞ-dən gələn və hərbi xidmətdən keçməmiş Ermənistan vətəndaşının vətən qarşısında heç bir öhdəliyi yoxdur? Əlbəttə, bunu istisna edə bilmərəm”.
Xatırladaq ki, məsələ seçki ərəfəsində rusiyapərəst siyasi qüvvələrə səs vermək üçün Rusiyada yaşayan Ermənistan vətəndaşlarının məqsədyönlü şəkildə ölkəyə göndərilməsi barədə məlumatlar fonunda gündəmə gəlib. Ermənistan rəsmiləri bundan əvvəl dəfələrlə Rusiyadakı Ermənistan vətəndaşlarının rüşvət müqabilində seçkilərdə həmin qüvvələrə səs vermək üçün ölkəyə göndərilə biləcəkləri barədə xəbərdarlıq ediblər. Parlamentin sədri Alen Simonyan belə şəxslərin qeyd-şərtsiz həbs olunacağını bildirib. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Prosesdə rusiyapərəst siyasi düşərgəni Robert Köçəryan, Qaqsik Sarukyan və Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvələr təmsil edir.